“Danışıqların bütün predmeti Azərbaycan əraziləridir” – Deputat

“Azərbaycanın ərazi bütövlüyünün tanınmasının alternativi yoxdur. Bunu Ermənistanda da, Rusiya və Vaşinqtonda da bilirlər. Belə olan təqdirdə danışıqların bu qədər uzanmasının yalnız bir səbəbi var, o da İrəvanın müstəqil siyasət yürütmək iqtidarında olmamasıdır. Ermənistan hələ də maşa rolunu oynamaqdadır. Halbuki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Danışıqların bütün predmeti Azərbaycan əraziləridir. Azərbaycanın güzəştə getməsindən söhbət gedə bilməz, yalnız suveren ərazilərimizdə ölkəmizin bütün qanunları tam olaraq bərpa ediləndən, hazırda Ermənistanın işğalı altında olan kəndlərimiz geri qaytarılandan, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəqliyyat əlaqəsi yaradılandan və İrəvanla sülh müqaviləsi imzalanandan sonra bölgəyə sülhün gələcəyini deyə bilərik”.

Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Ermənistan və Azərbaycan liderləri arasında keçirilmiş görüşə gəlincə, deputat bildirib ki, Brüssel formatında sayca beşinci görüş Azərbaycan üçün müsbət məqamlarla yadda qaldı: “Görüş Ermənistanla Azərbaycan arasında normallaşma baxımından faydalı hesab edilir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa platformasında etiraf etməli oldu. Bu görüşdə də rəsmi Bakının prinsipial mövqeyi bir daha qarşı tərəfin diqqətinə çatdırıldı. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bir daha tanıması müstəsna əhəmiyyətlidir. Buna baxmayaraq kənar təzyiqlər İrəvana təsir etməkdədir.

Danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, işğal altındakı kəndlərin geri qaytarılmasının vacib olduğunu, sərhəd bölgəsində təhlükəsiz mühitin yaradılmasını, demarkasiya prosesinin tezliklə həyata keçirilməsinietiraf edən və buna çalışdığı görüntüsü yaradan Ermənistan başqa platforma və yaxud tədbirlərdə fərqli yanaşma və fikirlər ortaya qoyurlar. Bu da qeyri-ciddilikdən xəbər verir. Bu dəfəki görüşün ən vacib tərəflərindən biri də Mişelin bəyanatının mətnində Laçın yolu ilə bağlı qeydin olmamasıdır. Bu, bir daha 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbənin yaratdığl yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini təsdiqləyir. Görüşdə Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş də nəzərə çarpır”.