Daşkəsəndə yeni yaşıllıqlar salınır

Daskesen

Ekoloji problemlərin aradan qaldırılması, yeni yaşıllıqların salınması məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin göstərişi və iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirilib. Tədbirə rayon icra hakimiyyətinin işçiləri, ziyalılar, yerli idarə və təşkilatların nümayəndələri, həmçinin vətəndaşlar qatılıb. Rayon ərazisində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə magistral yolun kənarında, xüsusi təyin olunan sahədə ərazinin relyefi nəzərə alınaraq 400 ədəd şam ağacı əkilmişdir. Kampaniya iştirakçıları xüsusi fəallıq göstəriblər. Ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alınıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, bu ağacəkmə kampaniyasının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolağını bərpa etmək, ərazinin ekoloji tarazlığının bərpasına, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsinə, buradakı mövcud torpaq qatının münbitləşdirilməsinə töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. Daşkəsən rayonunda yaşıllıqların sayının artırılması istiqamətində keçirilən belə ağacəkmə kampaniyaları gələcəkdə də davam etdiriləcəkdir.