Davamlı İnkişaf Məqsədləri uğurla icra olunmaqdadır

2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən 17 Davamlı İnkişaf Məqsədinin yekdilliklə qəbul edilməsi dövlətlər üçün iqtisadi və siyasi inkişaf siyasətlərinin hazırlanması baxımından tarixi anlam daşıyır. Bu qlobal sənəddən irəli gələrək Cənab Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası heç bir sahəni diqqətdən kənarda qoymayaraq, onlar arasında tarazlı, inteqrə edilmiş və ardıcıllığı qorunmuş davamlı inkişafa yönəlik milli icra mexanizminin formalaşmasına nail olmuşdur. Milli Məclisin deputatı Məzahir Əfəndiyev XALQ.AZ-a açıqlamasında bildirmişdir ki, DİM-in əsas məqsədi heç kimi arxada qoymamaq, hər bir insanın yaşayış üçün bütün sahələrə əlçatanlığını təmin etməkdir və bu məqsədlərə nail olmaq üçün əsas məsələ idarəetmədir.
Yeniləşən dünyamızın çağırışlarına cavab verən düzgün idarəçiliyin məntiqi nəticəsidir ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib. Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, DİM-lə bağlı iki könüllü hesabat hazırlayıb və növbəti 3-cü hesabatın hazırlanması istiqamətində işlər aparılmaqdadır. DİM-lə əlaqədar olaraq 2018-ci ildə Azərbaycan “1-ci Bakı forumu” altında regional konfransa ev sahibliyi etmişdir. Həmçinin, bu il BMT tərəfindən hazırlanmış 2020-ci il “Davamlı inkişaf hesabatı”nda da həyata keçirilmiş işlərin fonunda Azərbaycan layiqli yerini əldə etmişdir, belə ki, “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi” üzrə 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdır.
Bütün bunlar bu gün Cənab Prezident tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi, dərin islahatların effektivliyini təmin etmək məqsədilə hərtərəfli və xüsusilə də elmə əsaslanmış idarəetmənin naticəsindən mümkün olmuşdur.
Statistikaya nəzər yetirsək son 20 ilə yaxın bir müddətdə Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf etməkdədir. Ümumilikdə 21-ci əsrin əvvəllərindən iqtisadiyyatımıza 260 mlrd dollardan çox vəsait ayrılmışdır və bunun nəticəsidir ki, bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycan üzrə dünyada ən yaxşı göstəricilərdəndir. Ən aşağı xarici dövlət borcu üzrə ölkəmiz dünyada 9-cu yerdədir, eyni zamana bu borc xarici valyuta ehtiyatlarımızdan altı dəfə azdır.
Bildiyimiz kimi, 2020-ci il Azərbaycanda və ümumilikdə bütün dünyada bir çox hadisələrlə yadda qalmaqdadır. COVİD-19 koronavirus pandemiyasının sürətlə yayılması, 34 milyondan çox insanın yoluxması və nəticə olaraq süni iqtisadi böhranın yaranması bir çox dünya ölkələrində, habelə Azərbaycanda da təsirsiz ötüşmədi. Təkcə pandemiya ilə mübarizədə iqtisadi sabitliyi saxlamaq məqsədilə təqribən 2 mlrd dollara yaxın vəsaitin iqtisadi-sosial yardım paketi kimi ayrılması effektiv böhran idarəçiliyi modelinin düzgün tətbiq edildiyinə əyani sübutdur.
Bütün bunlara baxmayaraq 2019-cu ilin iqtisadi göstəriciləri Azərbaycanda əvvəlki illərə nisbətən ən uğurlu göstərici olmuşdur. Minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin isə orta hesabla 100 faiz artmasının müşahidə olunması hədəfi vətəndaşların sosial rifahının daima yaxşılaşdırılmasına yönəlmişdir.
Azərbaycan üçün həssas bir dönəmdə, xüsusilə cəbhədə əks-hücumların başlaması, Azərbaycanın suverenliyinin tezliklə bərpa olunmasından xəbər verir. Bununla yanaşı olaraq sosial və iqtisadi sahələrdə davamlılığı təmin etmək üçün əhalinin sağlamlığı və rifahının qorunması əsas prioritetdir.