Daxili İşlər Nazirliyi ilə parlament arasında çox sıx və faydalı iş birliyi var

Deputat Razi Nurullahyev Milli Məclisdəki çıxışında İnsan Alverinə qarşı mübarizə üzrə Milli Kordinatorun məruzəsini müsbt qiymətləndirdi.

O, qeyd etdi ki, bu sahədə aparılan fəaliyyəti nəinki regionumuzda, həm də dünyada ən öncül təcrübə və fəaliyyətlərdən biri hesab edir.

Deputat bildirdi ki, idarənin nəzdində olan sığınacağın da fəaliyyəti çox yaxşıdır və parlamentin İnsan hüquqları komitəsinin üzvləri kimi bu sığınacaqda olublar: “Orada qurbanlar üçün yaradılan şəraitdən çox razı qaldıq. Bəzən kənardan görüb qiymətləndirmək olmur, amma öz gəzlərinlə görəndən sonra fikirlər tam dəyişir. Bizim də fikirlərimiz müsbətə doğru elə dəyişdi ki, xeyli maraqlı zarafatlar da etdik, ora sanatoriya kimi getmək də olar. Gördüklərimdən təsirlənib söz də vermişdim ki, tribunadan xoş sözlər deyəcəm və deyirəm də. Bu, həm də digər qurumlar üçün də bir məlumatdır. Gördüyünüz işlərlə, fəaliyyətinizlə bağlı deputatları tanış edin ki, onlar da bəzən bilməyərəkdən haqsızlığa yol verməsinlər”.

R.Nurullayev əlavə etdi ki, ümumiyyətlə, Daxili İşlər Nazirliyinin fəaliyyətini qiymətləndirirəm və ölkəmizdə stabilliyin, ictimai əsayişin və təhülkəsizliyin təmin edilməsində onların rolu danılmaz və əvəzsizdir: “Həm də qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi ilə parlament arasında çox sıx və faydalı iş birliyi var. Bu da sevindiricidir, çünki qarşılıqlı iş birliyi əsasında bir çox məsələləri anında və konkreüt epizodlar üzrə həll etmək olur. Buna görə də hörmətli nazir Vilayət müəllim Eyvazova, hörmətli Seyfulla müəllim (Əzizov-red.) sizə, o cümlədən bütün rəhbərlik və kollektivə dərin təşəkkürümü bildirirəm”.