Dəhşətli cinayət -Maşından düşürək güllələdi…….
Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.
XALQ.AZ xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.
Məlumata görə, münaqişə tərəfi olan şəxslər əvvəlcə rayon mərkəzindəki çayxanada mübahisə ediblər. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə sillə vurub. Daha sonra rayonun Nərimankənd sakini olan Raul Quliyev çayxananı tərk edərək evə gedib. O, ov tüfəngini götürərək yenidən çayxanaya qayıdıb və Elməddin Cəfərova atəş açıb. Cinayəti törədən şəxsin sonrakı planını həyata keçirməsinə yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb. Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.