Deputat: “Əhalinin həssas təbəqəsi hər zaman hökumətin diqqət mərkəzindədir”

“44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qələbə sevincini bizə yaşadan şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərirlər. Ümumiyyətlə, bu cür insanlara həmişə həssaslıqla yanaşılıb”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov xatırladıb ki, dekabrın 8-də Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu yaradılıb. Azərbaycan xalqı humanizm prinsiplərinə sadiq qalaraq Fonda yardımlar edirlər. Bilirsiniz ki, ictimai-siyasi xadimlər, müxtəlif şirkətlər, banklar, iş adamlar Fonda ianə edirlər. Hər kəs çalışır ki, şəhid ailələrinə və qazilərə köməklik göstərilsin”.

Deputat qeyd edib ki, əhalinin həssas təbəqəsi hökumətin diqqət mərkəzindədir, onlar mənzillərlə, avtomobillərlə təmin edilir, müalicə xərcləri qarşılanır, məşğulluq problemləri həll edilir: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələdə hər zaman öndə olub. Mehriban xanım xeyirxah addımlar atmaqla hər zaman nümunə ortaya qoyur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb. Məlumata görə, Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına start verilib. Vətən müharibəsi qısa müddətdir, başa çatıb. Müəyyən problemlərin olması mümkündür, dövlət həmin problemlərin həlli üçün bütün addımları atır. Sosial şəbəkəni izləyirik, bəzi məsələlər qabardılır. Hər kəs bilməlidir ki, “YAŞAT” Fondu problemlərin həll edilməsi üçün yaradılıb. Fond 10 günlük hesabatı da açıqlayıb, bildirilib ki, 1500-dən çox ailəyə baş çəkilib, zəruri ehtiyacları müəyyən edilib və ilkin yardımlara başlanılıb. Bir daha qeyd edirəm ki, problemlərin həlli istiqamətində ciddi işlər həyata keçiriləcək”.