Deputat “ABŞ Qafqazda sabitlik olmasında maraqlı deyil”

ABŞ-ın ikiüzlü siyasətinin daha bir örnəyi keçmiş sovet məkanında olan münaqişələrə və ərazi bütövlüyü məsələlərinə münasibətdə ortaya çıxır. Belə ki, ABŞ-ın Gürcüstan, Moldova, Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə fərqli yanaşması açıq-aydın ikili standart nümunəsidir, dini dözümsüzlükdür, özünü ədalət himayədarı kimi təqdim edən bir dövlət üçün utanverici hadisədir və onun beynəlxalq nüfuzuna ciddi zərbədir!

20 ildən artıq ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi Qarabağ probleminin həlli istiqamətində ABŞ-ın tam fəaliyyətsiz qalması bunun təsdiqidir. Gürcüstan və Ukrayna ərazilərinin işğalı zamanı Vaşinqtonun göstərdiyi qətiyyətli mövqeni Qarabağ və onun ətraf bölgələrinin işğalı dövründə heç vaxt görmədik. ABŞ digər həmsədr ölkələr kimi, uzun illər münaqişənin dondurulmasını və bu işğalın əbədiləşdirilməsini istəyirdi. Bütun bunlar azmış kimi, bu müddət ərzində rəsmi Vaşinqtonun Ermənistana yardımının və zaman-zaman qondarma erməni soyqırımı məsələsinin gündəmə gətirilməsinin şahidi olmuşuq. Yeri gəlmişkən, Ağ evin yürütdüyü siyasətdə anti-türk mövqeyi xüsusi diqqət çəkir. Uzun illər Şərqdə ABŞ-ın ən etibarlı müsəlman ölkəsi olan qardaş Türkiyəyə qarşı yürüdülən qərəzli siyasəti dediklərimizin təsdiqidir. Birləşmiş Ştatların 2016-cı ildə özünün yaratdığı və maliyyələşdirdiyi FETÖ terror təşkilatının əli ilə dövlət çevrilişinə və Türkiyəni “ikinci Suriya”ya döndərmək cəhdi etdiyi faktı yaxın tariximizin utancverici hadisələridir. Yalnız qardaş ölkə rəhbərliyinin qətiyyəti və xalqın dəstəyi sayəsində Türkiyə bu təhlükədən qurtuldu.

Bütun bunlar azmış kimi, ABŞ-ın bu gün Suriya və İraqda müxtəlif terror təşkilatlarına Türkiyəyə qarşı açıq və gizli dəstəyi də ortadadır.

Vaşinqton eyni siyasəti Azərbaycana qarşı da Ermənistana dəstək verməklə aparır.

44 günlük müharibədən sonra da ABŞ-ın Qarabağdakı qondarma rejimə hər il milyonlarla dollar yardım etməsi separatizmə açıq dəstək deyilmi? Ağ evin ədalət və demokratiya anlayışı yalnız bundan ibarətdir.

Bu günlərdə Qarabağda keçirilmiş “seçkilər”ə münasibətdə də ABŞ-ın növbəti riyakarlığının şahidi olduq. Sentyabrın 9-da separatçı rejimin Xankəndidə keçirdiyi “seçkiləri” bütün dünya tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək zorunda qaldı. Bunun ardınca isə ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kimin Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışması okeanın o tayındakı dövlətin konfliktin həllində tutduğu mövqenin mahiyyətindən xəbər verir. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır. Tək bu iki fakt onu göstərir ki, ABŞ Qafqazda sabitlikdə maraqlı deyil. Ümumiyyətlə proseslərə qərəzli və qeyri-obyektiv münasibətinin nəticəsi o oldu ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononun regiona səfəri bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil və baş verənlər tam sübut edir ki, ABŞ-ı sülh maraqlandırmır. Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı, Qarabağ ermənilərinin reinteqrasiyası prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Birləşmiş Ştatların gerçək siması da məhz budur…

Rəşad Mahmudov

Milli Məclisin deputatı