Deputat: “ABŞ sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləyir”

Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin belə bir addım atması yalnız təəssüf doğurur. Bu qərardan ən çox ziyan çəkən məhz Amerika olacaq. Amerika bununla Şərqdə Türkiyə kimi bir güclü dövlətlə – strateji tərəfdaşla münasibətlərə xələl gətirmiş oldu. Amerika zamanla yanlış addım atdığını yaxşı anlayacaq”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov ABŞ Prezidenti Co Baydenin saxta erməni soyqırımını tanımasına münasibət bildirərkən deyib.

C.Məmmədovun sözlərinə görə, bu addımın atılma səbəblərindən biri də Türkiyənin bölgədə durmadan nüfuzunun artmasının Qərbdəki bir sıra dairələri narahat etməsinin göstəricisidr.

“Ancaq bu, Türkiyənin artan nüfuzunun qarşısını ala bilməz. Türkiyə sürətlə inkişaf edir və bölgədə nüfuzu durmadan artır.

Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə, Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu. Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı bir vaxtda belə bir addımın atılması anlaşılan deyil.

Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığında bu dəstək bir daha ifadə olundu.

Burada Ermənistanın da üzərinə böyük məsuliyyət düşür. Ermənistan üçün düşdüyü ağır durumdan çıxmaq üçün bir şans yaranmışdı. Onlar bu fürsətdə yararlanmaq əvəzinə, qonşu dövlətlərlə münasibəti pozmağa üstünlük verdi. Bu yanlış qərarın vəbalını erməni xalqı da çəkəcək.

Növbəti mərhələdə qarşıda duran mühüm vəzifələrdən biri də strateji tərəfdaşlarla, eləcə də Türk Şurasına üzv ölkələrlə əlaqələrin və birliyin gücləndirilməsidir”.