Deputat: “Aparılan islahatların qısa zamanda müsbət nəticələrini görəcəyik”

Prezident İlham Əliyev “Azərbaycan HavaYolları” , “Azərbaycan Dəmir Yolları” , “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərinin və “Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakıBus” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyinə və İnvestisiya Holdinqinə tapşırılıb. Xatırlatmaq yerinə düşər ki, bir neçə gün əvvəl dövlət başçısı SOCAR-ın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam verib.

XALQ.AZ-ın xəbərinə görə, məlum sərəncamla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, adları çəkilən hər bir orqan dövlət büdcəsinin formalaşmasında əsas donorlardan olmalı, effektiv menecment nəticəsində Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməli idilər:

“Uzun illər ərzində dövlətin yaratdığı münbit şəraitdən səmərəli istifadə edərək ən yüksək rentabelli beynəlxalq səviyyəli transmilli şirkətlərə çevrilməli idilər. Təəssüflər olsun ki, əksinə maliyyə resurslarının qeyri-effektiv istifadəsi, mal-materialların şişirdilmiş qiymətlərlə, iri maliyyə tutumlu layihələrin texniki-iqtisadi ekspertizadan keçmədən, iqtisadi səmərəliliyi əsaslandırılmadan icra olunması, həmin şirkətlərin borclanmasına səbəb oldu. Keçmiş nəqliyyatçı kimi birmənalı şəkildə deyə bilərəm ki, hətta maliyyə böhranı ərəfəsində belə, həmin təşkilatların iqtisadi rentabelliyini təmin etmək və bir çox sosial problemləri həll etmək mümkün olardı”.

Deputat hesab edir ki, cənab Prezidentin qətiyyətlə apardığı struktur islahatların müsbət nəticələri qısa zaman kəsiyində özünü doğruldacaq:

“Hər bir təsərrüfat subyekti üçün əsas fəaliyyət meyarı xidmət, yaxud istehsal proseslərində maya dəyərinin aşağı salınması, yüksək rentabelliyi təmin etməklə, dövlət büdcəsinə, sosial öhdəliklərə keçirilən vəsaitin ildən-ilə artırılması, işçilərin sosial və iş şəraitinin yaxşılaşdırılması olmalıdır. İslahatlar davam edir. Xalq öz Liderini dəstəkləyir”.