Deputat: “ATƏT-in Minsk qrupu artıq tarixə qovuşub”

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu 28 il ərzində heç nə ilə yadda qalmadı. Minsk qrupunun həmsədrlərinin vaxtaşırı olaraq regiona səfərlərinin heç bir səmərəsi olmayıb. Onlar hər zaman işğalçı Ermənistanın təcavüzkar siyasətinə, onun beynəlxalq hüququ kobud surətdə pozmasına, hərbi cinayətlərinə göz yumublar”.

Bu fikirləri XALQ.AZ-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, dekabrın 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyev həmsədrlərlə görüşündə reallıqları qarşı tərəfin diqqətinə çatdırdı. Belə ki, ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgədə vəziyyət artıq tamamilə fərqlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmaması regionda vəziyyəti dəyişdirib.


Millət vəkilinin sözlərinə görə Minsk qrupu həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi üsullarla həll etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Münaqişənin hərbi həlli yoxdur” deyənlər sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi. Beləliklə, cənab Prezident Azərbaycan xalqı adından Minsk qrupunun 30 illik fəaliyyətsizliyin hesabını açıqca soruşdu. Bakıdakı görüş zamanı həmsədrlərin üz ifadələrindən, sözün əsl mənasında güclü və qalib bir ölkənin rəhbəri ilə qarşı-qarşıya olmağın tədirginliyi hiss olunurdu.
Deputatın fikrincə ATƏT-in Minsk qrupu artıq tarixə qovuşub: “30 ilə yaxındır ermənilərin işğal altında saxladıqları torpaqlarımızı necə viran qoyduqlarını hər kəs gördü. Bəs dəfələrlə o torpaqlara səfərlər etmiş Minsk qrupunun həmsədrləri şəhərlərimizin dağıdılması, sərvətlərimizin talan olunması, qeyri-qanuni məskunlaşdırma aparılması, toponimlərimizin dəyişdirilməsi və bu kimi digər vandallıqlara nəyə görə reaksiya vermirdilər? Axı bu beynəlxalq cinayət hesab olunurdu. Belə olan halda onlar niyə lazımi addımları vaxtında atmadılar, işğalçı Ermənistanın çirkin niyyətlərinə bir söz demədilər? Bütün bunlar ciddi suallar doğurur. İndi isə qanımızla torpaqlarımızı azad etdikdən sonra onlar hansı üzlə Bakıya gəlmişdilər? Sanki torpaqları azad edib münaqişəni onlar həll etmiş kimi bundan sonrakı mərhələləri müzakirə etmək istədiklərini bildirən nümayəndələr, atalar demişkən hazıra nazir olmaq istəyirlər. Cənab Prezidentin də qeyd etdiyi kimi Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, bu münaqişəni Azərbaycan hərbi-siyasi yolla özü həll etmişdir. Bundan sonra masa arxasında gələcəklə bağlı müzakirələri yalnız qalib dövlətimizin mövqeyi şərtləndirə bilər”.
Fatma Yıldırım qeyd edib ki, işğal altında olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olundu. Bu torpaqların hər santimetrində, hər qarışında Azərbaycan əsgərinin qanı var. “Hesab edirəm ki, bundan sonrakı mərhələdə mövcud tərkibdəki Minsk qrupunun missiyasına ehtiyac qalmayıb. İndi qarşıda duran vəzifəmiz isə həmrəylik göstərərək, dövlətimizin yanında olaraq, işğaldan azad olunmuş bölgələrdə quruculuq işləri həyata keçirmək və tezliklə insanlarımızın öz dədə-baba yurdlarına qayıtmasını təmin etməkdən ibarətdir. İnanıram ki, yaxın zamanda doğma Qarabağımızda yenidən həyat canlanacaq, vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar”,-deyə millət vəkili vurğulayıb.