Deputat: “ATƏT-in Minsk Qrupu yeni reallığa uyğunlaşmağı bacarmır”

“Eyni vaxtda ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin səfirinin Şuşa səfərindən imtina etməsi təsadüf deyil. Hər üç ölkə öz elçilərinin təklifdən imtina etməsinə dövlətimizi qane edəcək şəkildə aydınlıq gətirməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

“Cənab Prezident İlham Əliyev çıxışında da vurğuladı ki, həmsədr ölkələr Azərbaycan – Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında vasitəçilik göstərərək, regionda sabitliyin, iqtisadi və sosial rifahın təmin olunmasında iştirak etsinlər. Lakin Ermənistan çalışır ki, “Qarabağın statusu”nun müzakirəsi Minsk Qrupu çərçivəsində davam etsin, axı bu mümkün deyil, çünki mübahisəli ərazi yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Bunu ATƏT də yaxşı bilir. Minsk qrupunun özü isə, sanki nə ilə məşğul olacağına qərar verə bilmir. Onun bu qərarsızlığı 25 il ərzindəki fəaliyyətsizliyini xatırladır.

Həmsədrlərin belə addım atması şərait yaradır ki, qrupun fəaliyyətinə inamsızlıq yaransın. Münaqişənin həll olunması ilə artıq həmsədrlərin missiyası avtomatik olaraq aradan qalxıb. İndi post-münaqişə dövrünün sülh məsələsi gündəmdədir. Görünən odur ki, Minsk qrupu bu prosesdə iştirak etmək istəmir. Artıq yeni reallıqlara uyğun yenilənmiş formatda fəaliyyət sərgiləməyin vaxtı çatıb. ATƏT-in Minsk qrupu münaqişə dövrünün təsisatı idi. İndi yeni yanaşmaya ehtiyac var. Minsk qrupu ötən müddətdə göstərdi ki, yeni reallığa və yeni ixtisaslaşmağa uyğunlaşmağı bacarmır. İlk növbədə sülh müqaviləsi imzalanmalıdır. “Minsk üçlüyü” artıq yerini digər yeni formata verməlidir. “Qarabağın status”u kimi mənasız və qeyri-real mövzulardan danışmaq əksinə prosesi bir az da uzadır. Azərbaycan dövlətinin bütün fəaliyyəti regionun postmünaqişə dövrünə, birgə əməkdaşlığa, ən vacib də sülh və sabitliyə hesablanıb” – M.Cəfərov bildirib.