Deputat: “Azərbaycan güclü iqtisadi dayaqlara malik ölkədir”

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradır. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Əminliklə demək olar ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə Azərbaycan daha da güclənəcək, dünyada nüfuzunu daha da artıracaq, regionda yeni gücə çevriləcək. Heç bir qüvvə Azərbaycanı tutduğu uğurlu yoldan bundan sonra da döndərə bilməyəcək.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, başa vurduğumuz 2020-ci il Azərbaycan üçün istər siyasi, istər diplomatiya, istər hərbi, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Onun sözlərinə görə, ötən ilin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərdir. Bu möhtəşəm Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyuldu. Məhz buna görə 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq. Azərbaycan uzun illər bu münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səylər göstərsə də, Ermənistanın ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti beynəlxalq birliyi Ermənistanın əməlləri barədə vaxtaşırı məlumatlandırırdı. Fevralın 15-də keçirilmiş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Paşinyan ilə debatda Prezident İlham Əliyev tarixi və hüquqi arqumentlərə əsaslanaraq Ermənistanın mövqeyini darmadağın etdi və Paşinyanı dünya ictimaiyyətinin gözü qarşısında məğlubiyyətə uğratdı. Eyni zamanda, iyunun 18-də Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində çıxışı zamanı Ermənistanın danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini qabartdı. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar etdi və bunun qarşısını almağa çağırdı. Beynəlxalq birliyin susqunluğundan daha da ürəklənən işğalçı Ermənistan isə yenə dayanmadı və sentyabrın 27-də qoşunların təmas xəttində daha genişmiqyaslı təxribata əl atdı. Lakin bu işğalçı ölkə üçün darmadağın və kapitulyasiya ilə nəticələndi.

“Vətən müharibəsində dövlətimizin şanlı Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Belə ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, 44 günlük müharibə günlərində dünyanın nüfuzlu KİV-lərinə müsahibələr verən Prezident İlham Əliyev həm işğalçı Ermənistanın, həm də bu ölkənin xarici havadarlarının əməllərini bütün dünyaya bir daha çatdırdı.

Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Bütün bu məsələləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 31-də xalqa müraciəti zamanı bəyan etdi”, – deyən deputat diqqətə çatdırıb ki, bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.

“Təbii ki, bu müharibənin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək.

Dövlətimizin başçısı dekabrın 31-də etdiyi müraciət zamanı gələcək hədəflərlə bağlı da fikirlərini səsləndirdi. Əminik ki, qarşıdakı dövrdə

Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.