Deputat: “Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə böyük üstünlüyə sahibdir”

Dövlətimizin başçısı İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə müsahibələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində mühüm əhəmiyyət kəsb edir. Bu amil informasiya müharibəsində də üstünlüyümüzü artıran vacib göstəricidir”. Bu fikirləri XALQ.AZ-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Fatma Yıldırım bildirib ki, bir neçə il ərzində işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir. Bu amil ötən illər ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin əyani nəticəsidir.
Millət vəkilinin fikrincə, cənab prezidentin çıxışları həm daxili auditoriyaya, həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimai rəyə hesablanıb. Belə ki, dövlətimizin başçısı daxili auditoriyanı həm XX əsrin əvvəllərinin, həm də 1988-ci ildən sonrakı dövrün səhvləri haqqında məlumatlandırır, beynəlxalq ictimai rəyi həqiqətlərlə maraqlanmağa məcbur edir, Ermənistan ictimaiyyətini isə miflərdən xilas edib tarixi, hüquqi və ordumuzun yaratdığı hərbi reallıqları qəbul etdirməyə çalışır.
Deputat qeyd edib ki, dövlətimizin başçısı ötən günlərdə Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində öz mövqeyini qətiyyətlə ifadə etdi: “Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan isə yenə də siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir”.
Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də münasibət bildirdiyini deyən Fatma Yıldırım söyləyib ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb: “Həmsədrlər faktiki olaraq ATƏT-in Minsk qrupunu inhisara alıblar. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, bu ölkənin parlamenti uydurma “erməni soyqırımını” tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb. Son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Digər həmsədr dövlət olan Rusiya isə Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. Eləcə də, ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil. Məhz bu səbəbdəndir ki, bütün cəmiyyətimiz, o cümlədən Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Həmsədr ölkələrin BMT Təhlükəsizlik Şurasının oktyabrın 19-da keçirilən iclasında qurumun daimi üzvləri olan həmsədr dövlətlərin Azərbaycanın əleyhinə sənəd qəbul etdirməyə çalışması da bunu təsdiqləyir. Nə yaxşı ki, dünyada Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələr var. Bu mənada sözügedən toplantıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür”.
Deputat söyləyib ki, Azərbaycan artıq yeni reallıqlar yaradıb: “Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğun olmalı, bunun təcavüzkar tərəfindən qəbul edilməsinə xidmət etməlidir. Həmsədrlərin məşğul ola biləcəyi fəaliyyət barədə həm müsahibələrində, həm də xalqa son müraciətdə açıq istiqamət var – Azərbaycanın dəyişdiyi reallıqları qəbul edib danışıqları bu reallıqları təcavüzkara qəbul etdirməklə, iki icmanın birgə yaşayışı çərçivəsində həllə razı salmaq. Bu yanaşma mədəni dünyanın standartlarına uyğundur. Bütövlükdə isə, cənab Prezidentin mövqeyi və xəbərdarlıqları kifayət qədər konkret və ünvanlıdır. Bu mövqe beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənir. Hesab edirəm ki, Vətən müharibəsi qələbəyə qədər davam edəcək. cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində Azərbaycan bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı. Beləliklə, dövlətimizin başçısının xalqa müraciətində verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb”.