Deputat: “Azərbaycan öz sözünü yalnız reqionda deyil, bütün dünyaya sərgiləməkdədir”

Bu çətin günümüzdə biz birlik olmalı və dövlətimiz ətrafında sıx birləşməli, yad ünsürlərin təsirinə düşməməli, uymamalıyıq.

Bunu XALQ.AZ-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva bildirib. Deputat qeyd edib ki, iyulun 13-dən 14-nə keçən gecə Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfinin bir gün öncəki təxribatından sonra şiddətli döyüşlər davam edir. Düşmənin ağır hərbi texnikası, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilmişdir. Qarşı tərəf yüzlərlə itki verərək geri çəkilmişdir. Lakin ağır döyüşlər zamanı ordumuz da itkilər vermiş, vətən uğrunda şəhidlərimiz olmuşdur. Döyüş zamanı General-mayor Polad Həşimov və onunla bərabər bir neçə zabit və əsgərimiz şəhid olmuşlar. General Həşimovun döyüş əməliyyatları zamanı şəhid olması bütün dünyaya onu görsətdi ki, Azərbaycan generalı öz əsgərləri ilə birgə ön cəbhədə birbaşa döyüşür, vətənimizi birlikdə qoruyurlar! Allah vətənimiz naminə şəhid düşən hərbçilərimizə rəhmət eləsin. 14 iyulda yaşanan izdiham və döyüşə səsləyən şüarlar, vətənpərvər oğullarımızda yüksək ruh yüksəkliyini və döyüş əzmini gördük! Ermənistan tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini, həlak olmuşdur. Mülki əhalini ağır silahlardan atəşə tutmaq, silahsız qocaları qətlə yetirmək faşizmin və barbarlığın əyani təzahürüdür. Ermənistan özünü bir daha terrorçu təşkilat kimi apardı. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına, bütün dünyanın COVİD 19 virusu ilə mübatizəsinə rağmən düşmən danışıqların formatını da kobud şəkildə pozmuş olur. Ermənistan tərəfi bilərəkdən artilleriya qurğularını mülki insanların yaşadığı kəndlərin yaxınlığına yerləşdirib ki, Azərbaycan ordusu cavab atəşi açdıqda bunu mülki obyektlərin hədəf götürülməsi kimi təqdim etsin. Bu onların çoxdanki taktikasıdır. Bu gün bizim ordumuzun qətiyyətinə əks olaraq, Ermənistan ordusunda ruh düşkünlüyü yaşanır. Bunu sosial şəbəkələrdə yayılan videolardanda izləyə bilərik. Erməni zabit və əsgərləri döyüşməkdən imtina edib, postlarını qoyub qaçırlar.Bunu isə erməni ordusundakı təlaşa, nəzarətsizliyə bağlamaq olar. Başlayan bu döyüşlər onu göstərir ki, Azərbaycan ordusu ölkə sərhədlərini qorumağa və düşmənə layiqli cavab verməyə hər an hazırdır. Biz artıq 90-cı illərin pərakəndə döyüşçü yığını deyilik, yüksək hazırlıqlı nizam- intizamlı Azərbaycan ordusuyuq! Və bu gün, güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Bunu 2016-cı ilin aprel döyüşləri və 2018-ci ildə Günnüt döyüşləri də təsdiq edir. Ötən gecə minlərlə insanın paytaxtımızın müxtəlif ərazilərində Azərbaycan ordusuna, onun Ali Baş Komandana, dövlətə dəstəyini ifadə edərək əllərində Azərbaycan bayraqları, ölkəmizin himnini oxuyaraq “Ya Qarabağ, ya ölüm!”, “Orduya dəstək!” “Ali Baş Komandan, silah ver bizə!”, ”Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirmələri insanı döyüşə səsləyən cəngi kimi qulaqlarda əks sədə yaradırdı. Bu həmdə ki, Xalq-Ordu vəhdəti sarsılmazdır! Nümunəsi idi. Xalq hər zaman dövlət başçımızın siyasətini dəstəkləyir. Acınacaqlı bir haldır ki, bununla belə, bir qrup insan bu vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışdılar. Lakin əməlləri baş tutmadı. Hər daim suyu bulandırmaq üçün “milçəklər” tapılacaq! Lakin mənfi qüvvələrin etdikləri təxribat, bu günkü sivil mitinqinin mahiyyətinə zərər vurmaq iqtitarında ola bilmədi. Azərbaycan polisi, ordusu tək öz operativliyi ilə seçildi və xalqının yanında olduğunu göstərərək bölücü qüvvələrə xidmət edənləri, çirkin aksiyalarından döndərə bildilər. İnanıram ki, onların hər biri qanun çərçivəsində cəzalandırılacaqlar. Təxribatçılar heç vaxt orduya və dövlətə dəstək aksiyasının istiqamətini dəyişdirə bilməyəcəklər. Azərbaycan dövləti güclü bir dövlətdir! O öz sözünü yalnız reqionda deyil, bütün dünyaya sərgiləməkdədir! Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətidir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə ilə qorumalı, inkişaf etdirməli və istənilən mənfi qüvvələrə qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik! Buna görə də istər “viruslara” pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməliyik! Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün səylərimizi əsirgəməməliyik. Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı yüksək qiymətləndirilməlidir. Bəyanatda, o cümlədən deyilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.” Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalı, təxribatçı və beşinci kolonun vəziyyəti gərginləşdirməyə çalışmasının qarşısı dərhal və qətiyyətlə alınmalıdır Azərbaycan XİN-i və Müdafiə Nazirliyi ATƏT Minsk qrupu həmsədr dövlətlərinə, BMT-yə, Avropa Birliyinə, aidiyyəti üzrə digər beynəlxalq təşkilatlara Ermənistanın kobud şəkildə atəşkəsi pozması, mülki əhalinin ağır silahlardan bombalanması ilə bağlı məlumatlar verilsədə, Ermənistana qarşı heç bir təzyiq edilmir. Adıçəkilən təşkilatlar Ermənistanı dərhal atəşkəs rejiminə əməl etməyə məcbur etməlidir. Ermənistanın hərbi bölmələrinin dinc azərbaycan əhalisini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar. Bu gün bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan özünün Azərbaycandan çox zəif olduğunu dərk edir. Buna görə də KTMT-ni münaqişəyə cəlb etmək üçün Ermənistan tərəfi atəşkəs rejimini Dağlıq Qarabağ ərazisində deyil, Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində pozur. Ermənistan ümid edir ki, sərhəddə baş verən münaqişəyə KTMT qurum kimi və üzv dövlətlər daha tez reaksiya versinlər. Amma onun gözlədiyi kimi olmadı, KTMT və üzv dövlətlər olduqca təmkinli davrandılar və tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırdılar. Dünya birliyi Ermənsitanın çirkin, bölücü və təcavüzkar siyasətini çoxdandır ki tanıyır və bilir, güclü Azərbaycan Ordusu isə düşmən təxribatların hər an qarşısını almağa hazırdır. Yaşasın şanlı Azərbaycanımın, qəhrəman oğul və qızları! Allah cəbhədə vuruşan vətən övladlarımıza yar olsun, qorusun! Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şəhid olmuş vətən oğullarına Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə baş sağlığı verir, dərdlərilə hüzünləndiyimi bildirir, şəhidlərimizin ruhları önündə baş əyirəm!