Deputat: “Azərbaycan pandemiyaya qarşı nümunəvi mübarizə modeli sərgiləyir”


Bu gün dünyanın qlobal səhiyyə sistemi çox ağır təzyiq altındadır. Bəşəriyyət bu bəladan xilas olmağın yollarını axtarır. Azərbaycan da dünyanın bir parçası kimi pandemiyaya qarşı mübarizə aparır və cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən mübarizə tədbirləri də təsdiqlədi ki, belə həssas məqamda əsas məsələ proseslərə operativ və çevik reaksiya verməkdir.Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Könül Nurullayeva xəstəliyin yayılma arealı və dinamikasından asılı olaraq, karantin rejiminin qaydaları müəyyən qədər yumşaldıldı, lakin bu, təhlükənin sovuşması anlamına gəlmir. Məlumdur ki, hazırda Azərbaycan iki – “sarı” və “narıncı” zonalara bölünüb. Indi əsas hədəfimiz ölkəmizdə təhlükəli zonaların sayının azalmasına nail olmaqdır. Bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşür. Belə həssas məqamda arxayınlaşmaq daha ciddi təhlükələrə yol aça bilər. Odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına ardıcıllıqla riayət olunması vacibdir. Əks halda təhlükənin miqyası daha da genişlənə bilər. Buna yol verməmək üçün isə hər kəs sosial izolyasiyaya, tibbi-profilaktik qaydalara əməl etməlidir. İnsanlarımızı öz sağlamlıqlarına ciddi yanaşmağa, cəmiyyətimizi bu təhlükədən birlikdə xilas etməyə çağırıram.
Azərbaycan sözün həqiqi mənasında pandemiyaya qarşı nümunəvi mübarizə modeli sərgiləyir. Ölkəmizdə virusun aşkarlandığı ilk gündən təxirəsalınmaz mübarizə tədbirləri həyata keçirildi, dövlət ilk növbədə əhalinin sağlamlağının qorunmasını əsas prioritet kimi müəyyənləşdirdi. Səhiyyə sisteminin səfərbər edilməsilə yanaşı, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl addımlar atıldı. Cənab Prezidentin fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis edilməsi, eyni zamanda fondun vəsaitlərinin mahiyyəti üzrə və şəffaf mexanizm çərçivəsində xərclənməsinə xidmət edən Nəzarət Şurasının yaradılması nümunəvi addımlardan biridir. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən pandemiya əleyhinə sistemli işin nəticəsidir ki, bu gün Azərbaycan öz təcrübəsini dünya ölkələri ilə bölüşməyə hazırdır. Bu günlərdə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında keçirilən zirvə toplantısında da “Covid-19”a qarşı birgə mübarizə sahəsində Azərbaycan növbəti dəfə qlobal həmrəyliyin dəstəkçisi qismində çıxış etdi. Dünyanın ikinci ən böyük və nüfuzlu təşkilatının üzvlərini bu qlobal təşəbbüs ətrafında birləşdirdi. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, eyni zamanda Azərbaycana olan etimadın göstəricisidir.