Deputat: “Azərbaycandakı seçki mühiti xarici müşahidəçilər tərəfindən də yüksək dəyərləndirilir”

“Mərkəzi Seçki Komissiyası 7 fevral prezident seçkilərini ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin və tələbləri çərçivəsində təşkilini yüksək səviyyədə təmin edir. Bunun nəticəsidir ki, seçkiləri müşahidə etmək məqsədilə ölkəmizə gələn beynəlxalq missiyaların nümayəndələri, ekspertlər və xarici KİV Azərbaycandakı seçki mühitini yüksək səviyyədə dəyərləndirir”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, beynəlxalq seçki müşahidə missiyaları dövlət strukturları ilə görüşlərində seçicilərin prosesə böyük maraq göstərdiklərini diqqətə çatdırıblar:

“Təsadüfi deyil ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın seçki ərəfəsində apardığı sorğuda seçicilərin fəallığı xüsusi vurğulanır. Bu amil Vətən mühairibəsi və antiterror tədbirlərindən sonra yaranan yeni ictimai-siyasi situasiya ilə sıx bağlıdır. Azərbaycan xalqı anlayır ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Seçkilərdə mütəşəkkiliyin təmin edilməsi isə ölkəmizdəki demokratik ab-havanın, şəffaf seçki mühitinin növbəti sübutu olacaq”.