Deputat: “Azərbaycanın həyata keçirdiyi layihələr Cənubi Qafqazın siyasi konfiqurasiyasına pozitiv təsirini göstərəcək”

Azərbaycanla Türkiyə arasındakı əlaqələr diplomatik çərçivəyə sığmayacaq, strateji tərəfdaşlığın fövqündə olan qardaşlıq münasibətləridir.

Bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünyada dövlətlərarası münasibətlər baxımından ikinci belə nümunə yoxdur. Bu qardaşlıq əsrlərin, illərin sınağından çıxıb və uğurla davam etməkdədir. Ötən əsrin əvvəlində Bakının və bölgələrimizin Qafqaz İslam Ordusunun köməyi ilə azad edilməsi, 2020-ci ilin sonunda Vətən müharibəsi zamanı qardaş ölkənin mənəvi dəstəyi bu qardaşlığın ən parlaq səhifələridir. İndi isə qarşıda daha bir şanlı səhifə açılır: Qarabağımızın bərpasında qardaş Türkiyə şirkətlərinin və sərmayesinin iştirakı.

Dövlətlərimizin iqtidar partiyaları – Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyası (AKP) arasındakı əməkdaşlıq çərçivəsində dövlətlərarası iqtisadi münasibətlər müzakirə olundu.

“Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları” adlı videokonfransda Yeni Azərbaycan Partiyasının Sədr müavini, Baş nazirin müavini Əli Əhmədov və AK Parti Sədrinin birinci müavini, millət vəkili Numan Kurtulmuşun rəhbərliyi ilə qeyd olunmuş mövzuya dair fikir mübadiləsi aparıldı.

Qarabağın azad edilməsindən sonra bölgəmizi yeni iri iqtisadi layihələr gözləyir. Bu layihələrin reallaşma mərkəzi əsas etibarilə Azərbaycanın işğaldan azad edilmiş bölgəsidir. Bu layihələr həmçinin, Cənubi Qafqazın siyasi konfiqurasiyasına da pozitiv təsirini göstərəcək. Qürurverici haldır ki, bu dəyişikliklərin əsas aparıcı qüvvələri iki qardaş dövlət – Azərbaycan və Türkiyə olacaq!