Deputat: “Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri uğurla inkişaf edir”

“Məlumdur ki, Azərbaycan özünün beynəlxalq əlaqələrinin şaxələndirilməsi məsələsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Eyni zamanda Azərbaycanda gedən dinamik iqtisadi inkişaf, respublikamızın strateji baxımdan əlverişli coğrafi yerləşməsi və zəngin təbii ehtiyatlara sahib olması ölkəmizə olan marağı daha da artırır. Təbii ki, 2020-ci ildə Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu sayəsində Azərbaycan bu gün bütün dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, bütün bunlar ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artmasına səbəb olur. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə dəvət alması da bu tendensiyanın daha bir göstəricisidir. O cümlədən bu gün Azərbaycanın Mərkəzi Asiya regionu ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Qeyd edək ki, bu ölkələr keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Məhz elə həmin dövrdə də ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Bu gün isə, möhtərəm dövlət başçımızın Düşənbə Sammitindəki çıxışında dediyi kimi, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və məhz bu əasda qurulan regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına güclü zəmin yaradacaq.”

Bu sözləri  açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunduğunu və bunun geniş beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edən amil olduğunu vurğulayıb: “Yeni dünya düzəninin formalaşdığı son illər ərzində planetin müxtəlif regionlarında gedən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Cənab Prezident İlham Əliyev qatıldığı bir çox beynəlxalq forum və sammitlərdə dəfələrlə bu məsələyə toxunmuş və müasir dünyada xüsusilə kiçik dövlətlərin öz təhlükəsizliklərini təmin edə bilmələri üçün səylərin birləşdirilməsinin vacibliyini diqqət mərkəzinə çəkmişdir. Elə son iki il ərzində cənab Prezidentin Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirib.”

Həmçinin N.Aslanov Azərbaycanın tranzit imkanlarının getdikcə artmasından bəhs edərək bunları deyib: “Aydındır ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Azərbaycan üçün Xəzər regionunda əməkdaşlığın mühüm istiqamətləri kimi nəqliyyat infrastrukturunun inkişafını, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Təbii ki, əldə olunan nailiyyətlər son hədd deyil. Sammitdəki çıxışında cənab Prezident İlham Əiyev bir daha diqqətə çatdırdı ki, bu gün Azərbaycan Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunu müasirləşdirir və buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır”, – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.