Deputat: “Azərbaycanın xarici siyasətinin əsas istiqamətini əməkdaşlıq təşkil edir”

Dünya mədəniyyətinin nadir incisi, dahi şair Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün dünyada nüfuza malik olan bir qurumdur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi konfransda təsis edilib. Mərkəz Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılıb, dünyanın nüfuzlu ictimai və siyasi xadimləri mərkəzin yaranmasını dəstəkləyərək, təşkil olunmuş Beynəlxalq İdarə heyətinə üzv olublar.

Bunu açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın Nizami Gəncəvinin əsərlərində geniş yer alan ümumbəşəri dəyərlərin daha geniş miqyasda dünyada təbliğ olunmasıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, eyni zamanda, indiyədək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsində xeyli iş görüb. Mərkəz torpaqlarımız işğalda olduğu müddətdə, 44 günlük Vətən müharibəsi günlərində, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəmizin ərazi bütövlüyünə və haqq işinə güclü dəstək verib və bu işi uğurla davam etdirir. Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Müzakirələrdə 19 sabiq prezident və 12 sabiq Baş nazir, tanınmış siyasətçilər, ictimai-siyasi xadimlər, nüfuzlu ekspert və politoloqlar iştirak edib, Vətən müharibəsində tarixi qələbə münasibətilə Azərbaycanı təbrik ediblər. Prezident İlham Əliyev mühüm beynəlxalq platforma çərçivəsində bir daha dünya ictimaiyyətinə regionda baş verənlər, Azərbaycanın sülhsevər siyasəti haqqında obyektiv məlumat verib, regionda yaranan yeni reallığa beynəlxalq aləmin diqqətini yönəldib. Prezident dünya səviyyəli siyasətçi, siyasi liderlik keyfiyyətlərinə, böyük nüfuza malik olduğunu, mühüm problemlərin həllində rəyinə və mövqeyinə ehtiyac duyulan dövlət başçısı olduğunu aydın şəkildə nümayiş etdirdi.

Pərvin Kərimzadə bildirib ki, bu müzakirələrdə qalib ölkə kimi çıxış edən Azərbaycanın xarici siyasətinin əsas istiqamətini əməkdaşlıq təşkil etdiyi bir daha vurğulanıb. “Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” dövlət başçısı keçirilən müzakirələr zamanı çıxışında bu məqamları bir daha xatırlatdı. Qeyd etdi ki, Azərbaycan gələcəyə nəzər salmağa, Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmaq niyyətindədir. Ölkə başçısı 2020-ci il noyabrın 10-da üç ölkə – Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan birgə Bəyanatı xatırladaraq dedi ki, bizim çox mühüm təklif və təşəbbüslərimiz həmin bəyanatda əks olunub. Ermənistan yenidən revanş barədə düşünürsə, bu, həmin ölkənin tamamilə məhv olması ilə yekunlaşacaq.

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əhəmiyyətə malik olan platformaya, güclü və nüfuzlu bir quruma çevrilib. Mayın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi müzakirələr növbəti dəfə Azərbaycanın qlobal səviyyəli məsələlərin həlli üçün mühüm platformaya çevrildiyini göstərməklə yanaşı, həm də bu problemlərin həllində ölkəmizin rolunun yüksəldiyini nümayiş etdirib.