Deputat: “Bakıda növbəti dəfə keçirilən Nazirlərin Toplantısı da hər baxımdan əhəmiyyətli olacaq”

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçirilir. Nazirlərin Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq. Bəs bu toplantı Bakı üçün nə vəd edir?

Milli Məclisin deputatı Jalə Əliyeva: “Bakıda növbəti dəfə Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçirilir. Nazirlərin Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı tədbirlərlə yanaşı, yekun sənədlərin qəbulu gözlənilir. Ümumiyyətlə, Qoşulmama Hərəkatı yarandığı gündən etibarən son dövrlərdə daha geniş perspektivdə inkişaf edib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın nüfuzu beynəlxalq aləmdə daha da artıb. Bu Hərəkatda iştirak etmək istəyən ölkələrin sayı getdikcə çoxalır və ildən-ilə onun əhatə etdiyi coğrafiya da genişlənir. Düşünürəm ki, bu Azərbaycanın sədrliyi dövrü və bu Hərəkata yeni can qatan ölkə başçısı İlham Əliyevin birbaşa səyləri nəticəsində mümkün olub. Qoşulmama Hərəkatı bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından biri kimi fəaliyyət göstərir. Azərbaycanın bu Hərəkata ard-arda ev sahibliyi etməsi dövlətimizin beynəlxalq nüfuzunun artması mənasına gəlir. Bakıda növbəti dəfə keçirilən Nazirlərin Toplantısı da hər baxımdan əhəmiyyətli olacaq. Toplantıda müzakirə olunan məsələlər bütün bəşəriyyət, o cümlədən, bəşəriyyətin bir parçası olan ölkəmiz üçün çox mühüm nüanslardır”.

 

Politoloq Cümşüd Nuriyev: “Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təşkilatdır. Dünyanın 120 dövləti bu təşkilatda toplanıb və bu təşkilatın əsas məqsədi bilavasitə dünyada sülh prosesini yaratmaq, dayanıqlı stabilliyə nail olmaq və ölkələr arasında iqtisadi, siyasi, mədəni münasibətləri formalaşdırmaq, yenidən qurmaqdır. Azərbaycan da buna sədrlik etməyə başlayandan bəri sədrlik müddəti 1 il də artırılıb. 120 ölkənin nazirlərinin Bakıda toplanmasının Azərbaycan üçün çox böyük siyasi əhəmiyyəti var. İlk olaraq, Azərbaycan 2020-ci il səfərindən sonra dünyada çox sürətlə özünə müsbət imic qazanır və gələnlər də Azərbaycanın yürütdüyü siyasətlə, şəhərimizlə, mədəniyyətimizlə daha yaxından tanış olur. Bütün bunların hamısı Azərbaycanın dünyanın müxtəlif ölkələrinə təbliğatına əsas verir. İkincisi, Qoşulmama Hərəkatı ilə istər pandemiya dövründə, istərsə də Azərbaycanın yürütdüyü siyasətlə Azərbaycanın tutduğu mövqe kifayət qədər müsbətdir və bu məsələlərdə Azərbaycan öz mövqeyini dünyaya tanıtmaq üçün bu da əsasdır. Bildiyimiz kimi, Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ imzalanmayıb. Fransa, İran, Rusiya birmənalı olaraq bu sazişin imzalanmasının əleyhinədir. İran da Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan burada Bakı Bəyənnaməsinə qəbul olunanda Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması məsələsinin salınma ehtimalı çox yüksəkdir və yəqin ki, salınacaq. Bakı Bəyənnaməsində Bakı adının bəyənnamənin önündə getməsi çox böyük bir məsələdir. İstər siyasi, istərsə də tarix üçün bunun böyük əhəmiuyyəti var. Çünki bu adlar bütün dünyanın ğlkə və dillərində səslənəcəkdir. Bakının Azərbaycanın paytaxtı olduğunu bilməyənlər də artıq biləcək. Bu, Azərbaycanın müsbət imicinin formalaşması üçün çox vacibdir. Təbii ki, yekun sənədlərdə Azərbaycanın fəaliyyəti, sədrliyi müsbət dəyərləndiriləcək. Bu, belə olmasaydı əlavə bir il də Azərbaycanın sədrliyi üçün yekdilliklə qərar qəbul olunmazdı. Bu toplantının başqa bir əhəmiyyəti də ondan ibarətdir ki, Azərbaycanın yürütdüyü xarici siyasətin nə qədər önəmli olduğu gündəmə gətirilir. Eyni zamanda Azərbaycan Prezidentinin bir siyasi lider kimi dünyada tanınmasına gətirib çıxaracaq. Prezident İlham Əliyev kifayət qədər tanınır, lakin müsbət imicin formalaşması üçün əlavə çalarlar da lazımdır. Burada ölkələrin xarici işlər nazirləri dövlətlərin adından danışa bilirlər, onlar isə Azərbaycanla bağlı fikirləri öz ölkələrində müsbət mənada gündəmə gətirəcəklər. Qoşulmama Hərəkatının Azərbaycana verdiyi siyasi, iqtisadi, mədəni töhfələr çoxdur”

 

Milli Məclisin deputatı Anar İsgəndərov: “5 və 6 iyul tarixlərində Bakı şəhərində Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər Toplantısı keçirilir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı hərbi blok üzvü olmayan dövlətlərin arzu və istəklərindən doğurdu. Bu dövlətlər nəhayət ilk dəfə İndoneziyanın Cakarta şəhərində Qoşulmama Hərəkatının yaranması üçün səy göstərdilər. Bu fikir 1955-ci ildə ortalığa atıldı. 1961-ci ildə artıq bu təşkilat yaradıldı. Hazırda bu təşkilata 120 dövlət üzvdür. Eyni zamanda, 17 ölkənin və 10 beynəlxalq təşkilatın üzvləri də müşahidəçi qismində burada iştirak edirlər. Azərbaycan bu təşkilata 2011-ci ildə qoşulub. Dövlətimiz bu təşkilata daxil olduqdan sonra Azərbaycanın ərazi bütövlüyü məsələsi, Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasəti, ATƏT-in Minsk Qrupunun bu məsələdə olan ədalətsizliyi və s. Hərəkatın üzvləri tərəfindən dəfələrlə səsləndirilib. Qoşulmama Hərəkatının Azərbaycan üçün ən böyük önəmi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupu Ermənistanın Azərbaycana təcavüzü məsələsini düşmənin xeyrinə həll etmək istəyərkən Hərəkat üzvləri onların bu arzusunu ürəyində qoydu. 2019-cu ildən Qoşulmama Hərəkatına Azərbaycan rəhbərlik edir. Təşkilata üzv dövlətlərin arzusu idi ki, 2023-cü ildə də Hərəkata rəhbərliyi Azərbaycan həyata keçirsin. Dövlət başçısı İlham Əliyev də bu vəzifəni uğurla yerinə yetirir.

Bugünkü gündə Qoşulmama Hərəkatı Azərbaycanın 44 günlük müharibəni haqlı olaraq ədalətli hesab edir. Çox təəssüf ki, dünənə qədər ATƏT-in Minsk Qrupu üzvləri kimi Azərbaycanın əleyhinə olan bu dövlətlər bu gün Ermənistandan daha çox erməniləşib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və Zəngəzur dəhlizinin açılmasını nəinki istəmir, hətta buna qarşı əllərindən gələni edirlər. Buna görə də bu gün Bakıda keçirilən toplantı onu göstərir ki, Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın yanındadır və onun haqqını müdafiə edir. Əminəm ki, Bakı Bəyannaməsində də bu məsələlər öz əksini tapacaq. Azərbaycanın ərazisini bərpa etmək uğrunda müharibəsi bitmiş olsa da, bu gün ərazi bütövlüyümüz pozulmaqda davam edir. Amma Azərbaycan yenə də bütün pozucu addımlara qarşı cavab verməyə hazırdır. Qoşulmama Hərəkatına üzv olan dövlətlər də Azərbaycanın xarici siyasətini dəstəkləyir”.

 

Politoloq Ramiz Alıyev: “Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 il ərzində daim beynəlxalq hüququ və ədaləti müdafiə edib. Hərəkata üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının parlaq nümunəsi idi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etdi. Quruma sədrliyimiz koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etsə də, birlik çevik və səmərəli fəaliyyətini qoruyub saxlaya bildi. Sözsüz ki, hərəkatın güclənməsində Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, peşəkarlığı və siyasi iradəsi mühüm rol oynadı. Pandemiyanın ağılasığmaz fəsadları qarşısında dünya ölkələrinin əksəriyyəti beynəlxalq aləmdən sanki təcrid olundular. Belə bir dövrdə Azərbaycan Prezidenti liderlik rolunu üzərinə götürdü və qlobal bəlanın həlli üçün təklif və təşəbbüslərlə çıxış etdi. Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev təklif etdi ki, BMT Baş Assambleyası pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilsin. Bu təklif birmənalı şəkildə dəstəkləndi. Cənab Prezident həmçinin “peyvənd millətçiliyi”nə qarşı fəal mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. Ötən il iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda Bakıda konfransı keçirildi. Ötən ilin iyulunda Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Şuşada Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini özündə birləşdirən Gənclər Təşkilatı təsis edildi. Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü dəstək qazandı. Qarabağın Azərbaycan ərazisi olduğu, ərazilərimizin Ermənistan tərəfindən işğalı nüfuzlu təşkilat və ölkələr tərəfindən etiraf olundu. Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsi geri götürüldü. Həmçinin Hərəkata üzv dövlətlərin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin müzakirəsinin və qəbulunun qarşısı alındı. Bu gün dünyada sülh və təhlükəsizlik sisteminin kövrək olduğunu, “Soyuq müharibə”nin mahiyyətcə yeni fazaya keçdiyini nəzərə alaraq Qoşulmama Hərəkatının üzərinə böyük missiya və məsuliyyət düşür. Qlobal ərzaq böhranı, iqlim dəyişikliyi, Rusiya-Ukrayna müharibəsi Qoşulmama Hərəkatı üçün aktual məsələlər olaraq qalır. Hazırda Azərbaycan Qoşulmama Hərəkatının daha bir mühüm tədbirinə ev sahibliyi edir. Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşü keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxış edərək Ermənistanın vandalizm hərəkətləri barədə geniş məlumatlar verdi. Ölkə başçısı bildirdi ki, işğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanları isə donuz və inəklər üçün tövlə kimi istifadə olunub. Bu, bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Prezident, həmçinin deyib ki, Azərbaycanın 60 min hektar meşəliyi məhv edilib, kəsilib və daşınıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərləndirilib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı QH üzvlərinə ölkəmizin üzləşdiyi yeni çağırışlar – dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə məlumat verdi. Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etdi. Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etməklə ölkəmiz qlobal həmrəyliyə töhfələr verir. Qoşulmama Hərəkatının ötən 4 illik fəaliyyətinə nəzər salsaq, qurumun dünyada gedən iqtisadi-siyasi proseslərdə aktiv rol oynadığını, beynəlxalq hüququ, sülh və sabitliyi daim dəstəklədiyini görmək olar”.