Deputat: “Bakıda olan taksilərin sayı tələb olunan normadan 4-5 dəfə çoxdur”

“Görünən odur ki, hökumət bu məsələdə qərarlıdır. Bakıda olan taksilərin sayı tələb olunan normadan 4-5 dəfə çoxdur”.

Bu fikirləri deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komissiyasının iclasında bildirib.

Deputat qeyd edib ki, ölkədə bir çox qlobal aqreqatorlar işləyir: “Ölkədə “Bolt” “Uber”,  “Yango” və s. kimi bir çox beynəlxalq operatorlar fəaliyyət göstərir. Bu yaxınlarda isə “Uklon” adında yeni biri də bazara girib.

Yeni qanunvericilikdən sonra bu şirkətlər ölkədən çıxacaqmı? Bunlar hesablanıbmı?

Məlumdur ki, Bakıda bir neçə taksi xidməti göstərən qlobal aqreqator işləyir. Bunlar Bolt, Uber, Yango və bu yaxınlarda işə başlamış Uklon-dur. Tək avtomobillərin deyil, bu şirkətlərin də sayında azalma olacaqmı? Məsələn, qonşu Gürcüstan paytaxtında, Tbilisidə yalnız Bolt işləyir. Bakı Tbilisidən böyükdür, bizdə də olsun iki operator. Türkiyədə bu yaxınlarda Uber-in fəaliyyəti dayandırıldı və bununla izah olundu ki, məqsəd qeyri-ədalətli rəqabətin qarşısını almaqdır. Yəni bu istiqamətdə bir məhdudiyyət olacaqmı? Sahibkarlıq fəaliyyəti təbii ki, azaddır”.

Zaur Mirzə