Deputat: “Belə primitiv yanaşmalar, ümumi işə ziyan gətirir”

Prezidentin Azərbaycan televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər, əhəmiyyətinə görə bir çox məqamları özündə əks etdirir.

Bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, səhiyyənin inkişafı, dövlətin insan sağlamlığına verdiyi önəm, pandemiya ilə mübarizədə əldə olunan nailiyyətlər, böyük dövlətlərin vaksinləşdirmə məsələlərində ədalətsiz davranışları fonunda Azərbaycan dövlətinin apardığı siyasət nümunə olaraq qəbul edilir. Diqqət çəkən məqamlardan biri Şuşa şəhərinin və işğaldan azad olunmuş digər bölgələrin bərpası ilə bağlı ölkə Başçısının cəmiyyətə verdiyi ciddi mesajlardır.

Cənab Prezidentin bərpa və məskunlaşma məsələləri ilə dediyi fikirləri, gələcəkdə görüləcək işlərin “yol xəritəsi” hesab etmək olar. Bütün işlərin mərhələli şəkildə, ardıcıllıqla aparılması zərurəti vurğulandı. Bu sahədə ölkəmiz üçün prinsipial məsələ, 30 il ərzində erməni vandallarının vurduğu zərərlə bağlı təzminat iddiasının əsasını təşkil edən pasportlaşdırmanın hansı qaydada aparılması olduqca vacibdir. Düşünürəm ki, məhz bu müsahibədən sonra bütün icraçı təşkilatlar öz fəaliyyətlərində Prezidentin müəyyənləşdirdiyi kursdan yayınma hallarına yol verməyəcəklər. Çünki erməni vəhşiliyi, xisləti bütün dünyaya nümayiş etdirilməlidir.

Hansı millətin qurucu, tatixi-mədəni irsə, ətraf mühitə münasibətinin necə olmasını göstərmək lazımdır. Vandalların cəhənnəmə çevirdikləri ərazilərin, “ağıllı şəhər”, “ağıllı kənd”, bütün ekoloji normaların qorunduğu yaşayış məntəqələrinə çevriləcəyi gün uzaqda deyil, Bununla da, şərəfli qalibiyyətdən sonra, dünya erməniliyinə vurulmuş növbəti zərbə olacaqdır. Dpvlət Başçımızın məmurlarla bağlı səsləndirdiyi fikirlərə gəldikdə isə, etiraf etməliyəm ki, bu məsələ cəmiyyətimizin ən ağrılı yeridir.

Ümumiləşdirmək istəmirəm, ancaq bir çox məmurlarla bağlı uzun illərdir ki, cəmiyyətdə mənfi imic formalaşmışdır. Son illərin beynəlxalq təzyiqləri, ələlxüsus müharibə dövründə Prezidentin üzərindəki gərgin məsuliyyətin fonunda daxildən bəzi yüksək çinli məmurların merkantil davranışları acı təəssüf doğurur.

Bütün mümkün vasitələrdən istifadə edərək, ölkə Rəhbərinin yükünü azaltmaq əvəzinə korparativ maraqlarını güdmələri yaxşı hal sayıla bilməz. Yumşaq dildə ifadə etsəm, belə primitiv yanaşmalar, ümumi işə ziyan gətirir. Azərbaycanda 2018-ci ildən başlayaraq kadr islahatları aparılmaqdadır. Düşünürəm ki, həm kadr, həm də struktur islahatları davam etdiriləcəkdir.