Deputat: “Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir”

“BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı hansısa sənəd qəbul etmək planı baş tutmadı. Bu, onların fiaskosu oldu”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iclasda xüsusilə Ermənistan və Fransa ölkəmizə qarşı açıq qərəz nümayiş etdirdi, regionda vəziyyəti təhrif etdi. Amma qardaş Türkiyə və digər bəzi ölkələr bu məsələdə ərazi bütövlüyü və suverenlik amilini xüsusi vurğuladılar. Eyni zamanda, Ağdam – Xankəndi yolundan humanitar məqsədlər üçün istifadənin zəruriliyini qeyd etdilər. Ən vacib məqam ondan ibarətdir ki, iclasda ölkəmizin əleyhinə heç bir sənəd qəbul olunmadı.

S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev çıxış edərək dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etdi. Daimi nümayəndə, Ermənistanın Qarabağda humanitar böhranın olmadığını faktlarla təqdim etdi. Diplomatın nümayiş etdirdiyi foto faktlar qarşı tərəfə böyük zərbə oldu. Çünki bütün bunlar erməni yalanlarını bütün dünyada ifşa etdi. Təsadüfi deyil ki, Ermənistanda bu məsələ geniş müzakirə mövzusuna çevrilib və ifşa olunduqlarını etiraf edirlər.

Deputat qeyd edib ki, Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadı. Bu, dövlətimizin növbəti diplomatik qələbəsi hesab olunmalıdır. Amma onu da bilirik ki, Ermənistan Azərbaycana qarşı çirkin kampaniyanı davam etdirməyə çalışacaq. Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Dövlətimiz prinsipial mövqeyini bundan sonra da davam etdirəcək. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bütün addımların cavabı qətiyyətlə veriləcək.