Deputat: “Bu bir daha dünyaya Azərbaycanın humanist siyasətinə sadiq olan ölkə olduğunu göstərir”

“Azərbaycanın çətinlikdə olan və ehtiyacı olan insanlara əl tutması və humanist mövqe sərgiləməsi xarici siyasətinin prioritetidir. Azərbaycanın təkcə çətin durumda olan vətəndaşına deyil, ümumiyyətlə dünyada humanitar dəstəyə ehtiyacı olan ölkələrə, xalqlara yardım etməsi artıq bir ənənə halını alıb. Əgər faktları sadalamağa başalasaq, o zaman bu xeyli vaxtımızı alar. Azərbaycan davamlı olaraq istər istənilən fəlakətlə üzləşən ölkəyə, istər münaqişə şəraitində olan ölkəyə, istərsə də COVID-19 pandemiyası zamanı onlarla ölkəyə yardım edib.

Avqustun 29-da isə Qarabağda yaşayan erməniəsilli şəxslərə humanitar yük göndərdi. Bu bir daha dünyaya Azərbaycanın humanist siyasətinə sadiq olan ölkə olduğunu ortaya qoyur”.

Bunu  deputat Şahin İsmayılov deyib.

Deputat bildirib ki, bu gün havadarlarına və revanşist qüvvələrə arxalanaraq rus hərbi kontingentinin müvəqqəti nəzarəti altında olan irredentist qüvvələr “blokada”, “humanitar fəlakət”, “aclıq” şousu yaradaraq bölgədə sülhün əldə olunmasına əngəlliklər yaradır: “Bu məqsədlə də bölgədə müxtəlif təxribatlara əl atmağa cəhd edirlər. Düzdür, Azərbaycan tərəfi bütün bu təxribatların qarşısının alınıb ifşa edilməsi istiqamətində zəruri, adekvat addımlar atıb və atmaqdadır. Lakin Qarabağda yaşayan erməniəsilli sakinlər oradakı terrorçu-quldur dəstəsinin oyununun girovuna çevrildiyindən, həmin cinayətkar xunta rejiminə ciddi müqavimət göstərə bilmir. Xankəndidəki terrorçuların oyununun alətinə çevrilən erməniəsilli sakinlər sıxıntılarla üzləşməli olub. Baxmayaraq ki, Azərbaycan tərəfi dəfələrlə yardım etməyə hazır olduğunu bəyan etsə də, onlar bundan imtina ediblər.  Özlərini dünyaya guya Azərbaycanın “blokada”sı nəticəsində yazıq, əzabkeş xalqın nümayəndəsi olaraq “bizi acından qırıb, soyqırım törədirlər” formasında təqdim etməklə öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Ancaq Azərbaycanın yürütdüyü  diplomatiya nəticəsində  ermənilərin “dünyanın ən yazıq, əzabkeş xalqı” obrazı və bu ad altında həyata keçirdikləri çirkin və məkrli oyunları ifşa edilib, ediləcək də… Azərbaycan tərəfi  avqustun 29-da erməniəsilli insanlara göndərdiyi humanitar yük göndərməklə onların  çirkin oyunlarını ifşa etmiş oldu.

Belə ki, Qarabağda yaşayan bir qrup ünsür etiraz olaraq Ağdam-Xankəndi yolunun Xocalı rayonu ərazisində yolu kəsiblər və yükü buraxmaq istəmirlər. Hətta bu azğınlar orada onların təhlükəsziliyini təmin edən rus sülhmərmalılarına hücum edib, onları təhqir ediblər. Bu bir daha onu sübut edir ki, Qarabağda yaşayan erməniəslilli insanların “aclıq”, “humanitar  böhran”  şousu siyasi oyundur və əslində belə bir  problem yoxdur. Bu isə dünyaya Xankəndidəki terrorçu xunta rejiminin əsl mahiyyətini açıb göstərən fakt oldu. Onların bu “şou”su sadəcə olaraq Azərbaycan qarşı məkrli təxribat cəhdidir. Amma alınmayacaq. Onlar özləri öz təxribatçı oyunlarının növbəti qurbanı olacaq və bunun ağır şəkildə bədəlini ödəməli olacaqlar.
Azərbaycan tərəfi ermənilərin və onların havadarlarının bölgədə sülhü pozmaq istiqamətindəki təxribatçı cəhdlərinə baxmayaraq, yenə də humanizm və sülh  siyasətinə sadiq qalaraq erməniəsilli sakinlərə yardım etmək niyyətindədir. Bakı Qarabağdakı erməniəsilli insanların ilkin olaraq çörəyə olan ehtiyacını ödəmək üçün 40 ton un göndərib. Növbəti mərhələdə isə onların ehtiyac duyduqları digər ərzaq, dərman və digər zəruri ehtiyac olan şeylərlə təmin etməyə hazır vəziyyətdədir.

Necə olur ki, ermənilər başqa ölkələrdən gələn yükləri qəbul etməyə hazır olduqlarını deyirlər, amma Azərbaycandan gələn yükləri yox. Bu yanaşma absurd deyilmi?! Bu bir daha Xankəndidəki terrorçu-quldur dəstəsinin bölgədə  sülhü istəməyən bəzi xarici güclərin və revanşist qüvvələrin əllərində alət olduğunu göstərir. Amma unudurlar ki, bu cür primitiv metodlarla nə Azərbaycana qarşı məkrli planlarını reallaşdırmaq mümkün olacaq, nə də ki, beynəlxalq aləm ermənilərin belə yalanlarına inanmır.

Ən yaxşısı ermənilər və onların havadarları avqustun 26-da cənab Prezident İlham Əliyevin Laçın şəhəri günü ilə bağlı keçirilən toplantıdakı bəyanatlarından nəticə çıxarsalar yaxşı olar. Prezident bir daha bəyan etdi ki, bu torpaqlar Azərbaycan əsgərinin qanı hesabına alınıb  və bir daha kimsə bu torpaqlara göz dikə bilməz. Azərbaycan cari ilin aprelin 23-də beynəlxalq hüquqa əsaslanaraq Laçının Həkəri çayı üzərində sərhəd buraxılış məntəqəsini qurmaqla öz ərazi bütövlüyünü təmin edib və öz suverenliyini qorumaq qüdrətindədir. Özlərini dünyada “beynəlxalq hüququn müdafiəçisi və ya təminatçısı” adlandıran ermənilərin havadarları birdəfəlik anlamalıdırlar ki, artıq Azərbaycana qarşı təzyiq dili ilə danışmaq mümkün deyil. Xüsusən də Fransa kimi bir ölkənin beynəlxalq hüququ ayaqlar altına ataraq erməni işğalına bəraət qazandırıb Azərbaycana qarşı hər hansı əsassız iddialarla çıxış etməsi absurddur. Bu, əslində Fransa dövlətinə və fransız xalqına olan hörmətsizlikdir. Azərbaycan Ermənistandan fərqli olaraq hər hansı bir ölkənin ərazisinə göz dikməyib.  Azərbaycan beynəlxalq hüquqla tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edib sərhədlərini qoruyur. Azərbaycan bundan sonra ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən hərəkətlərə və ya onun pozulmasına imkan verməyəcək. Xankəndidəki ermənilərə gəldikdə isə Azərbaycan şərtlərini açıqlayıb və məsələ yalnız həmin şərtlər daxilində həllini tapa bilər. Başqa yol yoxdur və gec-tez belə də olacaq”.