Deputat: “Bu festival Vətən müharibəsindəki qalibiyyətimizin mədəniyyət müstəvisindəki davamı və təsdiqidir”

Tamam Cəfərova: “30 il erməni işğalında qalan torpaqlarımızda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq”

Xəbər verdiyimiz kimi, 18-24 sentyabr tarixində ölkəmizdə ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçiriləcək. Əsasən Bakı şəhərində təşkil olunacaq festivalın bir sıra konsert proqramları Gəncə, Ağdam və Şuşa şəhərlərində də baş tutacaq.

Bununla bağlı  açıqlama verən millət vəkili Tamam Cəfərova, bu kimi tədbirlərin ölkə paytaxtı ilə yanaşı, həm də işğaldan azad edilən rayonlarda keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb:

“Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Bakı ilə yanaşı, həm də işğaldan azad edilən bəzi rayonlarımızda – Ağdam və Şuşada keçirilməsi olduqca mühüm və qürurverici bir hadisədir. Biz buna görə ilk növbədə Ali Baş Komandanımıza, şanlı Azərbaycan ordusuna, şəhidlərimizə və qazilərimizə minnətdarıq. Məhz onların səyi nəticəsində 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımız azad edildi, işğalçı Ermənistan ağır və rüsvayçı məğlubiyyətə uğradıldı. Əslində 18-24 sentyabr tarixlərində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının paytaxtımızla yanaşı, həm də işğaldan azad edilən rayonlarımızda təşkili bu tarixi qələbənin mədəniyyət müstəvidəki davamı və təsdiqidir. Məhz bu cür tədbirlər, festivallar sayəsində 30 il erməni işğalında qalan torpaqlarımzıda yenidən milli musiqimizin sədaları eşidiləcək, Üzeyir bəyin nəfəsi duyulacaq.

Mən belə mühüm və anlamlı festivalın təşkilinə görə bütün təşkilatçılara, o cümlədən hər zaman milli musiqimizin ilkinliyinin, təmizliyinin keşiyində dayanan, onun daha da zənginləşməsinə və təbliğinə səy göstərən Mədəniyyət Nazirliyinə, Heydər Əliyev Fonduna öz təşəkkürümü bildirirəm. İnanıram ki, bu festival milli musiqimizin inkişafına, onun təbliğinə böyük təkan verəcək, ölkəmizin mədəni həyatına yeni nəfəs və ruh qazandıracaq”.