Deputat: “Bu görüşdən müsbət nəticələr gözləmək olar”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə yola düşüb.
İki ölkə liderləri BMT-nin yeni şərtlərinə uyğun olaraq “Taxıl sazişi”nin bərpası barədə müzakirəni planlaşdırır. Məlumata görə, BMT-nin əsas təkliflərindən biri Avropa tərəfindən Rusiyanın qida istehsalçılarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasıdır.

Putin və Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərovun fikirlərini öyrəndik.

O saytımıza açıqlamasında bildirdi ki, Rusiya və Türkiyə prezidentləri dəfələrlə görüşüblər və bu görüşlərdə həmişə müsbət nəticələr əldə olunub.

“Ən əvvəla, hər iki lider bir-birinə çox dərin hörmət və sayğı nümayiş etdirirlər. Digər məsələ ölkələr son zamanlar dünyada yeni siyasi aktura qurulmasında maraqları bir çox məsələlərdə kəsişir. Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda çox doğru və düzgün mövqe nümayiş etdirir. Bütün bunlar təbii ki, Rusiya prezidenti Vladimir Putinin də Ərdoğanla həm şəxsi münasibətlərində, həm də ölkəsinin milli maraqları yolunda Türkiyə ilə bir çox məsələləri uzlaşdırmasına gətirib çıxarır”, – deyə deputat əlavə edib.

Millət vəkili qeyd edib ki, Soçidə keçiriləcək görüşdə bir çox məsələlər müzakirə olunacaq.

”Artıq xarici işlər nazirləri görüşərək planları tərtib ediblər və bunların içərisində təbii ki, əsas məsələ taxıl sazişidir. Rusiya hələlik məsələni dondurub və həm BMT nin çağırışları, həm dövlətlərin çağırışları hələlik öz effektini verməyib. Hal-hazırda dünyanın gözü Soçidə keçiriləcək Ərdoğan və Putin görüşündədir. Düşünürük ki, bu görüş də digərləri kimi pozitiv keçəcək və həm öz maraqları, həm də dünya üçün önəmli olan məsələlər müzakirə ediləcək. Bunlar da dediyimiz kimi, taxıl sazişi və təbii ki, onlar içərisində Azərbaycan-Ermənistan münasibətləri, son durum, həm bölgədəki vəziyyət, həm qlobal anlamdakı yeni çağırışların müzakirə olunması gözlənilir”.

V. İskəndərov sonda Qətərin də iştirakı ilə taxılın Türkiyə üzərindən Afrikaya çatdırılması məsələsinin gündəmdə olacağını və Ərdoğanın ciddi cəhdlə Putinlə bu məsələlərin həll olunmasına çalışacağını deyib.

“Və öncədən hər iki prezidentin bir-birləri haqqında dəfələrlə xoş fikirlər söyləməsi, iki ölkə arasındakı münasibətlərdə hər hansı bir xırda nüanslar olsa da, ümumi olaraq bir çox məsələlərin həllində eyni mövqedən çıxış etməsi onu deməyə əsas verir ki, bu görüşdən müsbət nəticələr gözləmək olar”.