Deputat: “Bu qətnamələr ikili standardların təzahürüdür”

Ötən günlərdə Belçika Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənəddə BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın əks olunmasına baxmayaraq, burada həqiqəti əks etdirməyən qərəzli fikirlər yer alıb. Təəssüf ki, müasir dövrdə demokratiyanın “beşiyi” adlandırılan Avropada bu tipli demokratiyaya zidd sənədlər qəbul edilir. Bu qəbulolunmazdır və Azərbaycan-Belçika Parlamentlərarası dostluq qrupunun üzvü olaraq bu addımı qınayıram. Baxmayaraq ki, milliyətçilik zəminində Belçikanın daxilində davam edən flaman-valon problemi uzun illərdir mövcuddur, bu ölkənin bizim daxili işlərimizə qarışaraq, belə qətnamələr qəbul etməsi heç bir məntiqə sığmır”

Bu fikirləri XALQ.AZ-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad edərək regionda yeni reallıq yaratmasını və bu möhtəşəm zəfərlə öz gücünü təsdiqləməsini bəzi ölkələr açıq aşkar həzm edə bilmir. Azərbaycanın 44 gün ərzində erməni işğalçılarını darmadağın etməsi və dünya tərəfindən qəbul olunan öz ərazi bütövlüyünü bərpa etməsi onları çox ciddi narahat edir. Görünən odur ki, Ermənistanın işğalçılıq siyasətinə müəyyən beynəlxalq dairələr tərəfindən hər zaman ciddi dəstək verilib ki, 30 ilə yaxın bu münaqişə özü həllini tapmayıb.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Müharibə dövründə işğalçılara verdikləri dəstəyin fiaskoya uğradığını görən dairələr indi də bu cür çirkin əməllərə əl atırlar. Fransa və Niderland Parlamentlərinin ardınca Belçika Parlamentinin qəbul etdiyi sənəd buna sübutdur. Bu qətnamə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş məkrli qərardır. Əslində, bu sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Maraqlısı odur ki, 44 gün ərzində bu ölkələr izləyici mövqeyində müharibənin gedişatını Paşinyanın yalanlarla dolu pəncərəsindən izləyirmiş, təəssüf ki, Ermənistanın “yenilməz ordu” mifinə inanmışdılar. Bu səbəbdən müharibə dövründə bizə qarşı belə haqsız qətnamələr qəbul edilmirdi. Bu, bir daha açıq-aşkar ikili standardların təzahürüdür. Yəni qalib dövlət Ermənistan olsaydı, bu ölkələr 44 gün ərzində sərgilədikləri susqunluğu davam etdirməyi tərcih edəcəkdilər. Lakin Azərbaycan dövlətinin və Azərbaycan xalqının dəmir iradəsi ilə əldə olunmuş bu qələbə onların ümidlərini alt-üst edib və yeni reallığı qəbul etməyə məcbur edib ki, gecələrini gündüzlərinə qataraq ölkəmizə qarşı ardı-ardına yeni qətnamələr elan edirlər. Artıq belə niyyətli ölkələr Azərbaycan reallığı ilə barışmalı və cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Dağlıq Qarabağ münaqişəsinin artıq bir tarix olduğunu qəbul etməlidirlər!

Fatma Yıldırım qeyd edib ki, sənəddə Azərbaycanla yanaşı Türkiyənin də hədəfə alınması bir sıra mətləblərdən xəbər verir: “Türkiyə regionun böyük və güclü dövlətidir. Türkiyə imperialist qüvvələrin təhdidlərindən çəkinməyərək regionda müstəqil siyasət həyata keçirir və öz maraqlarını qətiyyətlə qoruyur. Qarabağ məsələsində də qardaş ölkə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Bu siyasi və mənəvi dəstək haqlı mübarizəmizdə bizə hər zaman güc verib. Erməni havadarları bu gün Türkiyəni haqsız yerə ittiham edirlər. Halbuki, qardaş ölkənin II Qarabağ müharibəsində hərbi iştirakına dair heç bir sübut ortaya qoya bilməmişlər. Həm Azərbaycan, həm də Türkiyə rəsmi olaraq Belçika parlamentinin qəbul etdiyi sənədi pisləyərək bölgədə sülh və sabitliyə nail olmaq üçün səylərə xidmət etməyəcəyini Belçika hökümətinin üzvlərinin diqqətinə çatdırıb. Belə qətnamələr 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın öhdəliklərini yerinə yetirməsini ləngidir və beləliklə bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına mane olur”.