Deputat: “Bu tipli qərəzli sənədlər sülhə və sabitliyə xidmət etmir”

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman beynəlxalq hüquqa istinad edib. Təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişə sülh yolu ilə həll edilmədi, bu ölkənin hakimiyyəti danışıqlar prosesini pozdu. Bu səbəbdən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücünə icra etdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü təmin etdi. Bu məsələdə ölkəmiz beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq addım atıb. Bununla da, Azərbaycanın haqq işi qələbə ilə nəticələndi.

Millət vəkilinin fikrincə, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında öz ərazi bütövlüyünü bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat edir. Onun sözlərinə görə, müharibənin gedişində ermənilərə gizli yolla hərbi yardım verilməsi də işğalçılara kömək etmədi. Azərbaycan Ordusu işğalçı ordunu və ona göndərilən silah-sursatı darmadağın etdi. Ermənistan kapitulyasiya aktını imzalasa da, onun havadarları, Avropadakı erməni lobbisi və diasporu öz təxribatçı əməllərindən əl çəkmirlər. Belə ki, Fransa parlamentinin ardınca Belçika Nümayəndələr Palatasının da “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə qəbul etməsi buna sübutdur. Bu sənəd beynəlxalq hüquqa tamamilə ziddir, Azərbaycana və Türkiyəyə qarşı qərəzli addımdır.

Sevinc Fətəliyeva təəssüflə qeyd edib ki, belə sənədlərin qəbulu Avropada demokratik dəyərlərin aşınmaya məruz qaldığını göstərir: “Əslində, belə bir sənədin qəbul olunması Azərbaycanın haqq işinə heç bir təsir göstərmək iqtidarında deyil. Artıq üçtərəfli bəyanata uyğun olaraq razılaşmalar həyata keçirilir. Ermənistan öz məğlubiyyətini etiraf edib. Bunun fonunda ermənidən çox erməni olmaq istəyən Avropa parlamentarilərinin məqsədi nədir? Bu tipli qərəzli sənədlər nəyə xidmət edir? Əlbəttə ki, sülhə və sabitliyə xidmət etmir. Məqsəd yenidən gərginlik yaratmaq, məğlub olmuş işğalçılara hansısa dəstək verməkdir. Digər tərəfdən, Türkiyəyə və Azərbaycana atılan böhtanlar qəbulolunmazdır. Türkiyə regionun ən böyük dövlətlərindən biri kimi açıq şəkildə haqq və ədalətin yanında oldu, Azərbaycana siyasi və mənəvi dəstək verdi. Türkiyənin bu dəstəyinin qarşısında üçüncü ölkələr Azərbaycana qarşı hərbi əməliyyatlara qoşulmağa cürət etmədi. Belə olan təqdirdə, erməni havadarlarının Türkiyə və Azərbaycana yalnız böhtan atmağa gücü çatır. Bu cür böhtanlar isə bizi haqq yolumuzdan döndərə bilməz. Qeyd edim ki, həm Azərbaycan, həm də Türkiyə rəsmi şəkildə Belçikaya etiraz edib.

Ümid edirik ki, Belçika hökuməti parlamentin səhvini təkrarlamayacaq, dövlətlətimiz arasında beynəlxalq hüquq çərçivəsində əməkdaşlığımız davam edəcək.

Belçikanın, eləcə də Niderland parlamentarilərilərinin belə bir ədalətsiz mövqe nümayiş etdirmələri onlar üçün hüquq və həqiqət deyil, müəyyən maraqların mövcudluğu və bu maraqlar üzərindən hərəkət etmələrini təsdiq edir. Beynəlxalq hüquq və ədalət tərəfindən çıxış etməklə bu ölkələr, özləri üçün gələcək iqtisadi prespektivlər üçün də yol aça bilərdilər. Dünyanı cənginə almış pandemiya dönəmində insanların sağlamlığını qorumaqla yanaşı, böhrandan daha az zərərlə çıxmaq, iqtisadi fəallığı daha qısa müddətdə bərpa etmək üçün bütün ölkələr müxtəlif tədbirlər həyata keçirir, fundamental iqtisadi araşdırmalara əsaslanan proqram və konsepsiyalar hazırlayırlar. Qərəzli münasibət sərgiləmək və seçki maraqlarını qorumaq naminə bu ölkələr, işğaldan azad olunmuş torpaqların yenidənqurma işlərinə öz şirkətlərinin cəlb olunmasından da məhrum edirlər. Belə olan halda parlamentarilər öz addımları barədə ciddi düşünməli və hansı perspektivdən yola çıxdıqlarına nəzər yetirməlidirlər”.