Deputat: “Bugünkü haray-həşir həmin məğlubiyyətdən qaynaqlanır”

“Ermənistan sözdə sülh danışıqları aparır, əməlində isə növbəti müharibəyə hazırlaşır. Doğrudur, İrəvanın Azərbaycanla müharibə aparacaq gücü yoxdur. Amma nəzərə almaq lazımdır ki, bu xəyanətkar ölkə həmişə başqalarının gücünə arxalanıb, qonşu xalqlarla apardığı müharibələrdə daim onların silahından, imkanlarından istifadə edib. II Qarabağ müharibəsində Azərbaycan təkcə Ermənistanı məğlub etmədi, həm də onların arxasında duran gücləri məhv etdi. Bugünkü haray həşir də həmin məğlubiyyətdən qaynaqlanır”.  Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov açıqlamasında deyib.

Deputat bildirib ki, uğursuzluqlarına baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir: “Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir. Bu qətnamələri qəbul edən, altına imza atan ölkələr sonra yaradılacaq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri oldular. Hər üç ölkə dünyada nüfuzlu, sayılan ölkə imicini itirənə qədər Ermənistan-Azərbaycan münaqişəsində ədalətin yanında durmadılar, onlar ermənilərin işğalçı əməllərini dəstəklədilər. Həmin ölkələr məsələyə yanaşma forma və üslublarını dəyişsələr də mahiyyət dəyişməyib. Bu gün Ermənistanın BMT TŞ-yə müraciəti tam əsassızdır, çünki etiraz predmeti Azərbaycan torpaqları, əraziləridir. Rəsmi Bakı suveren ərazilərində baş verənləri özünün daxili məsələsi hesab edir, separatçılığı, təxribat əməlləri törədənləri və onun arxasında duranları cəzalandırmağın yollarını da bilir. Dünya birliyi nəhayət həqiqətin yanında yer almalıdır. Əks təqdirdə bəşəriyyət çox şey itirəcək”.