Deputat: Bundan sonra torpaqlarımıza göz dikən təkcə Azərbaycanın deyil, Türkiyənin də dəmir yumruğu ilə rastlaşacaq

2020-ci il Vətənimizin tarixinə qızıl hərflərlə yazıldı və 200 il ərzində torpaqlarımızı parçalayan, haqqımızı əlimizdən alan, haqq səsimizi boğan qara tarixlərin üstündən birdəfəlik xətt çəkildi. Bu il xalqımızın 200 ildən çox vaxt ərzində yaşamadığı, ancaq arzusunda olduğu ölçüyəgəlməz sevinc və qürur hisslərini bizə yaşatdı. Bizə göstərdi ki, xalq birləşə bilər və əgər özündə bu qüvvəni taparsa, öndə əsl oğullar dayanarsa, kükrəyər, coşar, səsini dünyaya ucaldar, gücünü namərdlərə göstərər, özünü qoruyar.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib.

Deputat bildirib: “Biz daha çox son 30 il ərzində torpaqlarımızın mənfur düşmənin işğalı altında qalması, Vətənimizin parçalanması ağrısı ilə yaşamışıq. Əslində, bu işğalın tarixi 30 il deyil, daha uzun bir dövrdür, bunu hamımız bilirik. Ancaq məkrli düşmənin torpaqlarımızı zəbt etmək uğrunda əkdiyi zəhərli toxumlar ötən əsrin 90-cı illərində yenidən cücərməyə, baş qaldırmağa başladı. Havadarlarına arxalanaraq silahlanan düşmən qadın, uşaq, qoca bilmədən soydaşlarımızı məhv edir, torpaqlarımızı əllərinə keçirirdi. Doğrudur, igid oğullarımız var qüvvələri ilə müqavimət göstərməyə, vətəndaşları və ərazilərimizi qorumağa çalışır, müqavimət göstərirdilər. Ancaq məqsədyönlü silahlandırılmış düşmənlə ov tüfəngləri də əlindən alınmış insanlar nə edə bilərdilər?! Üstəlik də keçid dövrünün qarma-qarışıqlıqları, çəkişmələri… bu işğalın zirvəsi, yəqin ki, hamımız üçün Şuşa qalasının alınması xəbəri oldu. Bundan ötən 29 il ərzində Şuşanın əsarətdə qalması elə bir azərbaycanlı yox idi ki, qəlbini alovlandırmasın. Bu otuz ildə xalqımızda bir utanc hissi, məğlubluq sindromu yaranmışdı. Şükürlər olsun ki, xalqımız sınmadı, qalxdı, liderinin ətrafında birləşməyə özündə iradə tapdı və bu otuz il ərzində məğlub sindromuna qarşı oğullarımızda döyüşkənlik, “Vətən sağ olsun, onun yolunda ölmək şərəfdir!” ideologiyası formalaşdı və elə həmin oğullar da bircə çağırışa bənd idilər, dərhal ayağa qalxdılar… nəticəsi isə göz qabağındadır”.

“Bu gün xalqımız bütün dünyaya, xüsusən də düşmənlərimizə və onların havadarlarına sübut etdi ki, biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, qaytarmaq əzmində idik və buna qadirik, – deyə Ü.Ağayeva bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz torpaqlarımızı azad etdi. Artıq dağıdılmış, talan edilmiş yurdlarımız yavaş-yavaş bərpa ediləcək. Ancaq qırılan talelər, yarımçıq qalmış həyatlar, soyu kəsilmiş nəsillər də bu tarixin izidir, bu iz isə silinməyəcək, bunu unutmaq mümkün deyil və sağaltmaq da mümkün deyil. İndi elə etmək lazımdır ki, bu tarix bir daha təkrarlanmasın. Düşmənimizin hər zaman gizlənərək öz xislətinə uyğun arxadan zərbə endirmək istəyəcəyini unutmayaq. Bu gün bütün dünyaya düşmənin əsl üzünü göstərməliyik, haqq səsimizi ucaltmaqda davam etməliyik. “Xocalıya ədalət!” çağırışı hələ də layiqli cavabını almayıb, bir çox ölkələrdə bu soyqırımını tanısalar da, bunu törədənlər cəzalandırılmayıb. Onların qanlı əllərini yenə görüşlərdə sıxmaqdan çəkinməyənlər var. Bu azmış kimi, 44 günlük müharibə zamanı düşmən yeni soyqırımı, insanlığa qarşı yeni, ağlasığmaz cinayətlərə əl atdı: Gəncə və Tərtərin hərbi qurumlarla heç bir əlaqəsi olmayan, dinc insanların yaşadığı ərazilər ağır top atəşlərinə məruz qaldı. Yenə yarımçıq qalmış ömürlər, sındırılmış insan taleləri, yetim qalmış körpələr…

Deputat diqqətə çatdırıb ki, son ayların hadisələri isə xalq olaraq birliyimizi və dövlətimizi qorumaq, bərpa etmək, dirçəltmək yolundakı əzmimizi nümayiş etdirdi. “Xarıbülbül” musiqi festivalının əks-sədası, xoş əhvali-ruhiyyəsi unudulmamış, qoca Şuşada iki qardaş türk dövləti – Azərbaycan və Türkiyə arasında imzalanan tarixi Bəyannamə bu hadisələrə son qoyur və bütün dünyaya elan edir: “Qarabağ Azərbaycandır! Bundan sonra bu torpaqlara göz dikən təkcə Azərbaycanın deyil, Türkiyənin də müqaviməti və dəmir yumruğu ilə rastlaşacaq. Həmişə olduğu kimi, Türkiyə yenə də və əbədi olaraq Azərbaycana arxa olacaq. Bu tarixi Bəyannamə də bütün dünyaya bunu elan edir”.