Deputat çağırış etdi

“Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası pandemiya ilə mübarizədə və gələcək addımların atılması baxımından olduqca vacib tədbirdir. Prezident İlham Əliyev sessiyada çıxışı zamanı COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan təcrübəsindən, vaksinasiya və bu istiqamətdə atılan addımları iştirakçıların diqqətinə çatdırdı. Eyni zamanda, peyvəndləmə prosesinin dünyada ədalətli həyata keçirilməsi ilə bağlı Azərbaycanın irəli sürdüyü qətnaməyə toxunan dövlətimizin başçısı bu məsələdə ölkəmizin mövqeyinin ədalətli olduğunu vurğulayıb. Bu onu deməyə əsas verir ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, pandemiya ilə mübarizədə də prinsipial mövqeyini ortaya qoyub.

Bunu açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Dünyanın bir sıra inkişaf etmiş ölkələri vaksinasiya sahəsində ciddi problemlərlə üzləşdiyi bir vaxtda Azərbaycan həyata keçirdiyi təcrübə ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə kimi qiymətləndirilib.

Qeyd olunub ki, ümumilikdə Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar görülən işlər dövlətimizin başçısının düşünülmüş siyasəti nəticəsində ölkəmizin bu sahədə də ciddi nailiyyətlər əldə etdiyini deməyə əsas verir. “Pandemiya dünyanın düzənini dəyişdi. Bir sıra ölkələrdə ölüm halları durmadan artır və bu proses bu gün də davam edir. Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində həm xəstəliyə yoluxma, həm də ölüm hallarının az olması onu göstərir ki, ölkəmiz bu sınaqdan da üzüağ çıxmaqdadır. Pandemiyanın ilk vaxtlarında modul tipli xəstəxanaların yaradılması, Fondun təsis olunması və sonradan vaksinlərin alınması, ölkə vətəndaşlarının bu prosesə cəlbi, ən əsası, sərt karantin dövründə Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə yardımların edilməsi uğurlu nəticənin əldə olunmasına zəmin yaratdı. Təbii ki, bütün bunlar Azərbaycan Prezidentinin qətiyyəti, müdrik və uzaqgörən siyasəti sayəsində mümkün oldu”, – deyən İ.Yusifov vurğulayıb ki, hər bir vətəndaş vaksinasiya prosesində iştirak etməli, virusun yayılmasının qarşısının alınmasında öz rolunu oynamalıdır.