Deputat çağırış etdi- “Biz bu məsələdə son dərəcə ehtiyatlı olmalıyıq”

Təssüf ki, dünyada intihar sayının artması problemi qlobal bir problemdir və bu bir çox faktorlarla əlaqəlidir: müasir həyatda stress səviyyəsinin artması, həyat tərzlərinin ciddi dəyişməsi, nəsillər arasında fikir və dünyagörüşü ayrılığı, çox sayda submədəniyyətlərin mövcudluğu və s. bizi gündəlik əhatə edən amillər.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvü Nigar Arpadarai bildirib.

Deputat qeyd edib ki, Beynəlxalq statistikanı nəzərdən keçirsək (WHO- Ümumdünya Səhiyyə Təşkilatı) görərik ki, Azərbaycan İntihar sayına görə yaxşı mənada siyahıda axırıncı yerlərdədir (175-ci yer). Amma Azərbaycanda da son zamanlar yuxarıda qeyd etdiyim amillərlə əlaqədar intihar hallarının sayı artıb və biz bu sahəyə böyük diqqət ayırmalıyıq.

Bizim cəmiyyətdə kifayət qədər tez-tez rastlaşdığımız problemləri nəzərə alaraq qeyd etmək istəyirəm ki, gənclərimizin müəyyən yaş həddinə çatdıqdan sonra özü qərar qəbul etmək üçün haqqı (hüququ) və imkanı olmalıdır! Bu haqqı (Hüququ) konstitusiyamız təmin edir. Bu mənada 18 yaşına çatmış gənc qız taleyi ilə bağlı qərarları qəbul etmək hüququ var. Bu onun həm hüquqi, həm mənəvi haqqıdır! İnsan həyatı boyu bir çox qərarlar qəbul edir. Bəzən düz, bəzən isə səhv qərarlar olur, bəzən sevinirik, bəzən isə peşmançılıq çəkirik. Gənclərimiz qəbul etdikləri qərarların məsuliyyətin dərk etməlidirlər, səhv qərarlardan nəticə çıxarmalıdırlar. Valideynlər anlamalıdırlar ki, 2021-ci ildə övladlarının evdə qapalı saxlamağın heç bir mənası yoxdur. Onun əvəzinə valideynlər övladlarına elə tərbiyə verməlidirlər ki, övlad savadlı, mənəvi cəhətdən güclü olsun və atdığı addımların məsuliyyətini dərk etsin.

Gənclərimizin intihar yolunu seçməməsi üçün kompleks işlər görülməlidir. İnkişaf etmiş və varlı ölkələrdə bu sahədə bir çox işlər görülür. Lakin vahid bir model və ya formula mövcud deyil. Belə ki, Skandinaviya, qərbi Avropa ölkələri, ABŞ və Yaponiya kimi ölkələrdə bu tədbirlərin təşkil olunmasına baxmayaraq, intihar hallarının sayı yüksək olaraq qalır. Bunun da səbəbi odur ki, müasir dövrdə gənclər bir çox hallarda sosial təzyiqə tab gətirə bilmir. Lakin hər bir ölkənin, hər bir sivilizasiyanın və sosiumun öz xüsusiyyətləri mövcuddur. Bu baxımdan düşünürəm ki, Azərbaycanda vəziyyət kifayət qədər aşkardır. Biz maksimal dərəcədə təhsil səviyyəsinin yüksək olması istiqamətində çalışmalıyıq, bundan əlavə insan hüquq və azadlıqları ilə bağlı həm gənclərimiz, həm onların valideynləri arasında geniş maarifləndirmə işinin təşkilinə nail olmalıyıq. Bu istiqamətdə düşünürəm Dövlətin dəstəyinə böyük ehtiyac var. Dövlət səviyyəsində psixoloji, mənəvi və fiziki təzyiqlərə məruz qalmış şəxslər üçün qaynar xəttlər təşkil olunmalıdır və burada ixtisaslaşmış mütəxəssis dəstəyi göstərilməlidir. Beynəlxalq praktika bununla bir çox insanların həyatının xilas olmasını sübut edir.

Millət vəkili bildirb ki, biz bu məsələdə son dərəcə ehtiyatlı olmalıyıq. Nə sosial media, nə ənənəvi media, nə də ki deputatların insanın günahkar olmasını və ona hansı cəzanın verilməsini müəyyən etməyə hüquqi və mənəvi haqqı yoxdur. Bu düzgün deyil. Bu məsələ cinayət hüququna və cinayət məcəlləsinə aiddir və bu məsələ ilə hüquq mühafizə və məhkəmə orqanları məşğul olmalıdır. Və bu barədə mənim tərəfimdən hər hansı şərhin verilməsini düzgün hesab etmirəm.
Digər tərəfdən, təbii ki, ictimai nəzarət önəmlidir. İctimai nəzarət Hüquq sistemi, məhkəmə sistemi öz işini görmədiyi hallara aid olmalıdır, yəni lazımı istintaq aparılmırsa, istintaq zamanı hansısa xoşagəlməz hallar varsa, ictimai nəzarət olmalıdır. Hüquq mühafizə orqanları görülən iş barədə ictimaiyyətə hesabat verməlidir. Amma kimin necə cəzalandırılması işi ilə hüquq mühafizə orqanları məşğul olmalıdır.
Ona görə media və cəmiyyətin üzvləri belə məsələlərə dair fikir söylədikdə, hər hansı bir halı qiymətləndirdikdə maksimal dərəcədə ehtiyatlı və diqqətli olmalıdır. Belə ki, burada söhbət insanın taleyindən, onun gələcək həyatının müqəddəratından gedir.