Deputat elektromobilləri bütün rüsumlardan azad etməyə çağırdı

“Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarının müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanların yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin iclasında büdcə müzakirələri zamanı deyib. O bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsumlardan azad etmək yaxşı olar:

“Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmidə tətbiq edə bilərik”.

Ş. İsmayılov söyləyib ki, günün qaranlıq vaxtlarında işıq qaytarıcılardan geniş istifadə edilməsi vacibdir:

“Vaxtilə bu cür layihələr həyata keçirilirdi, xüsisilə də azyaşlı uşaqların işıq qaytarıcılarla təmin edilməsi vacibdir. Yolların işıqlandırılması, yol nişanlarında işıq qaytarıcıların yüksək standartlarda olması vacib məsələdir”.