Deputat ermənilərin növbəti yalanını ifşa etdi

Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində ən çox dağıdılan, təhqir olunan və tarixi saxtalaşdırılan maddi abidələri şübhəsiz ki, dini məbədlərdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev az öncə Xocavənd rayonuna səfəri zamanı Tuğ kəndində tarixi Alban kilsəsinin vəziyyətini nümayiş etdirmişdi. Video və fotogörüntülərdən məbədin 30 illik müddətdə hansı baxımsız şəraitdə olduğu aşkar görünür. Azərbaycan Prezidentinin həmin səfərindən sonra Ermənistan mediasında bizim guya erməni kilsəsini saxtalaşdırmağa başlamağımız barədə hay-küy qaldırılıb. Bu yalan təbliğata hətta Ermənistanın bir sıra ölkələrdəki səfirləri də qoşulub. Hərçənd Azərbaycan Prezidentinin məbəddə səsləndirdiyi suallar cavabsız olaraq qalır: Əgər bu, erməni kilsəsidirsə, niyə 30 ildir bu vəziyyətdədir? Əgər erməni kilsəsidirsə, nə səbəbdən divarları yazılarla dolu, məbədin içi təmirsiz və baxımsızdır? Qarabağda viran edilən tək Alban kilsələri deyil. Ötən paylaşımlarımızda ermənilərin Şuşanı işğal etdikdən sonra şəhərdə mövcud olan iki rus pravoslav kilsəsini necə erməniləşdirdikləri barədə məlumat vermişdik (https://www.facebook.com/101289938053927/posts/270706144445638/https://www.facebook.com/101289938053927/posts/266527068196879/ ). Qarabağ xanlığının Rusiya imperiyasının nəzarətinə keçməsindən sonra inşa olunan bu kilsələrin memarlıq quruluşunda ciddi dəyişikliklər edilsə də, tarixi sənədlər, hətta ötən əsrin ortalarında çəkilmiş fotolar göstərir ki, bu məbədlərin erməni qriqoryan kilsəsinə heç bir aidiyyatı olmayıb. Dağıdılmış daha bir rus kilsəsi Xocavənd rayonunda yerləşir – Kuropatkino kəndində. Bu kilsənin Şuşada olanlardan fərqli taleyi var. Belə ki, məbədin tarixi və qurulşunu saxtalaşdırmağa cəhd edilməyib. Kilsə heç hərbi əməliyyatlar zamanı da zərər görməyib. Ermənilər Xocavəndi 28 il qabaq işğal etsələr də, kilsəni 2000-ci ildən sonra dağıdıb, yararsız hala salıblar. Xocavənd rayon mərkəzinin 13 km-də yerləşən kilsənin tarixi barədə aşağıdakılar məlumdur: Tersk kazak qoşunlarının 1-ci Sunjensk-Vladiqafqaz alayının kilsəsi. 1894-cü ildən fəaliyyət göstərir. Əsası 1864-cü ildə burada yerləşən Minqrel alayı tərəfindən qoyulub. 1877-ci ildə Minqrel alayı Xan-Kəndini (tarixi sənəddə Xankəndi bu formada qeyd olunub) tərk edəndən sonra kilsə 2-ci piyada taboruna təhvil verilib. 1896-cı ildən Sunjensk-Vladiqafqaz alayının tabeçiliyində olub (mənbə: “История и культура Терского Казачества”, Сборник 1, стр.31).

Şəkillərdən göründüyü kimi, kilsə nəinki dağıdılıb, həmçinin dini məbədin divarlarında müxtəlif yazılar yazılmaqla həm də aşağılanıb, təhqir olunub. Ermənilər tək onlara yad dinlərə deyil, öz dinlərindən olan, lakin qriqoryan kilsəsinə məxsus olmayan hər şeyə düşmən münasibəti bəsləyirlər.

Elnur Allahverdiyev

Milli Məclisin deputatı