Deputat: “Ermənistan o gücdə deyil ki, yenidən revanş götürə bilsin”

“Cənab Prezidentin Hacıqabul rayonuna səfəri zamanı mətbuata verdiyi müsahibəsində çox ciddi məsələlərə toxunaraq, Azərbaycanın Qarabağ probleminin həlli, görüləcək işlər və münaqişədən sonra yaranmış durum, revanşist qüvvələrin hərəkətləri ilə bağlı mövqeyini bir daha qəti formada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu.  Cənab Prezident ilk olaraq Böyük qayıdış prosesi və buna hazırlıq məsələlərinə toxunaraq bildirdi ki, artıq işlər başlanılıb sürətlə gedir. İlk olaraq işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilməkdədir. İkinci əsas məsələ kimi erməni faşistlərinin vurduğu ziyanın hesablanması və onların beynəlxalq hüquq qarşısında cavab verməsinin təmin edilməsi istiqamətindəki görülən işlər barədə ictimaiyyətə geniş bilgi verdi”.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Millət vəkilinin sözlərinə görə, cənab Prezident də bəyan edib ki, indi əsas məsələ işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məsələsidir və Ermənistan bu məsələdə yenə də beynəlxalq hüququ kobud surətdə pozaraq minalanmış ərazilərin xəritələrini vermir və bundan imtina edir. 

“Ölkə başçısının da dediyi kimi bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Buna baxmayaraq Azərbaycan öz gücü ilə məsələni həll etməkdədir və bu işə digər ölkələri də cəlb etməkdədir.

Bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verilib və bu ilin sonunadək elektrikləşmə prosesi başa çatacaq.

Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisinə başlanılıb. Eyni zamanda Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.

Məcburi köçkünlərin qayıdışını təmin etmək üçün ilk pilot layihə Zəngilan rayonunda icra ediləcək – “Ağıllı kənd” layihəsi 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini, həmçinin Ağdam şəhərini əhatə edəcək. Cənab Prezident bildirib ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. 

Digər istiqamət isə vurulmuş ziyanın hesablanması prosesi davam etdirilməsi və Ermənistanı beynəlxalq məhkəmələrə verməsi ilə bağlı olan məsələdir. Ölkə başçısı bildirdi ki, təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib”, – millət vəkili qeyd edib. 

Millət vəkili əlavə edib ki, mənfur düşmən işğal etdiyi əraziləri viranəyə çevirib, hər şeyi dağıdaraq məhv edib: “Bütün bunlar misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox dağıdıcı müharibələr olsa da, belə dağıntılara yol verilməyib. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilməyib, yaşayış məntəqləri, mədəni-dini abidələr qəsdən dağıdılmayıb. Bu bir daha sübut edir ki,  erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan 44 günlük Vətən müharibəsində təkcə öz ərazi bütövlüyümüzü bərpa etməyib, həm də erməni faşizmini məhv edilib. Odur ki, bu gün Ermənistandakı revanşist qüvvələr bunu nəzərə almalıdır. Azərbaycanın dəmir yumruğu belə revanşist qüvvələrə qarşı hazır vəziyyətdədir. Onlar başını qaldıran kimi həmin yumruq onların başına dəyəcək. Azərbaycan bir daha erməni faşizminin baş qaldırmasına imkan verməyəcək və onu beşiyindəcə boğacaq”.

Deputat onu da bildirib ki, artıq Ermənistan o gücdə deyil ki, yenidən revanş götürə bilsin.

“Ermənistan hələ də ağır məğlubiyyətinin şokunu yaşamaqdadır və bundan sonra uzun müddət məğlubiyyətini acısını dadmalı olacaqlar. Hər hansı revnaşist hərkətə Ermənistanı daha pis duruma və böhrana salacaq. Erməni dövlətçiliyini təhlükə altında qoyacaq. Ermənistanın üzləşdiyi vəziyyətdən yeganə çıxış yolu 10 noyabrda imzalanan sənədə uyğun olaraq addıma atmalı və qonşular ilə beynəlxalq hüquq normalarına uyğun olaraq normal əməkdaşlıq münasibətlərini qurmalıdır.

Ölkə başçısının da dediyi kimi, Azərbaycan erməni vəhşiliyini və faşizmini heç vaxt unutmayacaq, ancaq bununla belə bölgədə davamlı sülhün, sabitliyin və inkişafın yaranması üçün əməkdaşlığa hazırdır. Ermənistan destruktiv hərəkətlərindən əl çəkərsə, bölgədə sülh və sabitlik daha tez bərpa olunacaq.  Odur ki, Ermənistan Zəngəzur dəhlizində nəzərdə tutulan layihələrin icrasında maraqlı olmalıdır. Onsuz da Azərbaycan Zəngəzurla bağlı nəzərdə tutduğu layihələri icra edəcək və bunda qətiyyətlidir. Cənab Prezidentin dediyi kimi Ermənistan bunu istəsə asan həll olunacaq, istəməsə də zorla həll ediləcək. Ancaq bu olacaq. Oradan keçən dəmiryolu və avtomobil yolu çəkiləcək. Azərbaycan xalqı da zamanı gələndə Zəngəzura qayıdacaq. Buna kiminsə şübhəsi olmasın. Cənab Prezident bunu bəyan edibsə, deməli mütləq bu hadisə reallaşacaq. Necə ki, Qarabağ münaqişəsi onun uzaqgörən, müdrik, cəsarətli, qətiyyətli siyasəti nəticəsində tarixin arxivinə qovuşdusa, Zəngəzura qayıdışda mümkün olacaq”.