Deputat: “Ermənistan ordusunda xaos səbəbindən gənclər xidmətdən yayınırlar”

Bu günlər Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Belə ki, dəyişikliklərə əsasən, ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində bununla əlqədar paylaşım edib.

Bunu Milli Məclisin deputat İqbal Məmmədov bildirib.

Ermənistan rəhbərliyi və ordusu sanki məğlub olmaqdan həzz alırlar:

“Bu gün Ermənistanda xalq mövcud idarəçilik sistemindən narazıdır. Nikol Paşinyan hakimiyyətə gəlmək üçün verdiyi vədlərin heç birini icra etmədi. Əksinə, o, hakimiyyətə gəldikdən sonra Ermənistanda iqtisadi, siyasi tənnəzül, işsizlik və özbaşınalıq daha da artdı. Ona görə də insanlar ölkələrini tərk edir, iş tapıb normal yaşamaq üçün başqa ölkələrə üz tuturlar. Bu gün Ermənistanda heç kim hərbi xidmətə getmək istəmir. Çünki hər kəsə bəllidir ki, Ermənistan ordusunda bu gün özbaşınalıq və hərc-mərclik hökm sürür. Son günlər Tovuz istiqamətində və Goranboyda törətdikləri təxribatlar nəticəsində ermənilərin biabırçı məğlubiyyətə uğraması daxildə narazılığı daha da artırıb. Paşinyan hər dəfə Qarabağ kartından istifadə edib, erməni vətəndaşlarının gözündə itmiş nüfuzunu geri qaytarmağa çalışsa da, hər dəfə Azərbaycan ordusu tərəfindən biabırçı məğlubiyyətə uğradılır. Son günlər Ermənistanda “Müdafiə haqqında” qanuna dəyişikliklərin ictimai müzakirəyə çıxarılması erməni ordusunda olan acınacaqlı vəziyyətdən xəbər verir. İşğalçı Ermənistan ordusu zəifdir və buna görə də könüllülərin imkanlarından istifadə edilməsi məsələsi gündəmə gətirilir.

Artıq Ermənistan rəhbərliyi anlayır ki, həqiqi hərbi xidmətlə bağlı tələb onlardakı silahlı qüvvələrin komplektləşməsini təmin etmir. Bu səbəbdən də Ermənistanda “xalq ordusu” adlı bir formatın reallaşdırılmasına dair belə niyyət ortaya atılıb. Artıq ermənilər qanunvericilik bazasını buna uyğunlaşdırırlar. Digər tərəfdən, məqsəd dünyada yaşayan ermənilərin də hərbi xidmətə cəlb edilməsidir. Bu addımın atılmasına səbəb vətəndaşların Ermənistan ordusunda xidmət etmək istəməməsdir. Bundan əlavə, acınacaqlı vəziyyətdə yaşayan erməni əhalisinin digər ölkələrə qaçıb getməsi ölkədə yaşanan demoqrafik problemi daha da artırır. Ona görə də ön cəbhəyə göndərməyə artıq resurs yoxdur. Digər tərəfdən, orduda yaranan xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması adi xarakter daşıyır. Tovuz istiqamətində gedən döyüşlər erməniləri yenidən qorxu içində yaşamağa vadar edib. Hazırda Ermənistan ordusu və rəhbərliyi təşviş içindədir. Onlar da yaxşı anlayırlar ki, həvadarlarının köməyi olmasa, bu gün onlar Azərbaycan ordusunun qarşısında bir heçdirlər. Ən önəmlisi isə odur ki, Ermənistanda daxili vəziyyət olduqca gərgindir və xalq mərkəzi hakimiyyətə qarşı istənilən anda ayağa qalxa bilər. Bundan qorxuya düşən Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq üçün əlavə güc formalaşdırmaq istəyir. Çünki mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir. Məhz buna görə də Paşinyan Ermənistan ordusuna etibar etmir”.