Deputat: ” Ermənistanda daxili nifaqın,qarşıdurmanın daha da dərinləşəcəyi gözləniləndir”

Ermənistanın sabiq prezidenti R.Koçaryanın “Sputnik” agentliyinə,politoloq A.Qasparyana müsahibəsini izlədim.Həmin müsahibəyə bir neçə səbəbə görə vaxt ayırdım.Əvvəla ona görə ki,birinci Qarabağ müharibəsində əlləri yüzlərlə dinc azərbaycanlının qanına batan,Xocalı soyqrımının baiskarlarından biri olan Koçaryan Ermənistanın siyasi səhnəsində yenidən peyda olub,oradakı müxalifətin vahid namizədliyinə iddiasını ortaya qoyub. İkinci səbəb o idi ki,politoloq adı altında jurnalistlik edən Qasparyan cəmiyyətimizdə ermənipərəst mövqeyi ilə yaxşı tanınan V.Solovyovun Youtube kanalının davamlı şərhçilərindən biridir.Təəssüratlarımı bölüşməyə vadar edən həm də odur ki,işğaldan azad edilmiş Qarabağ torpaqlarında gördüyümüz dağıntıların, qəbilə vəhşiliyinin,məzar və məscid düşmənçiliyinin əsas səbəbkarlarından biri olan Koçaryan müsahibəsində ciddi etiraflar etdi.Bunların arasında siyasi hakimiyyətə qayıdışını təmin etmək üçün uydurduğu erməni hiyləgərliyinin nümunəsi də var idi,acı həqiqətlər də.Növbəti erməni yalanlarından biri onunla bağlı oldu ki, guya Paşinyan “əvvəlcədən planlaşdırdığı məğlubiyyətə” imza atıb.

Şübhəsiz ki,bu iddia daxili auditoriyanın hazırki emosional durumuna hesablanmış erməni fəndgirliyi, onlara məxsus siyasi təzyiq üsuludur.Görünən odur ki,bunların təfəkkürü dəyişməyib.Öz içlərindən xəyanəti qəbul etməyə hazırdırlar,amma Azərbaycan ordusunun gücünü və qələbə əzmini nəbadə.Çünki,bu güc erməni məğlubedilməzliyi ilə bağlı uydurulmuş mifi yerlə yeksan edib. Koçaryan acı reallıqları da etiraf etməli oldu.Bildirdi ki,Ermənistan 44 günlük müharibədə məğlubiyyətə uğrayıb və buna görə də kapitulyasiya aktını imzalamağa məcbur olub.Növbəti acı etirafı isə budur ki,müharibənin nəticəsindən doğan hazırki şərait status məsələsinin həlli üçün əlverişli deyil.Lakin dolayısı ilə onu da çatdırdı ki,bunun üçün toparlanmağa,zamana ehtiyacları var,yəni revanş niyyətini də gizlətmədi. Politoloq-jurnalistin ”ABŞ,yoxsa Rusiya” sualına isə Koçaryanın cavabı birmənalı oldu.Dedi ki,”əlbəttə, Rusiya”.Hətta onu da vurğuladı ki,ermənilər kimi kiçik xalqlar üçün ikinci rəsmi dövlət dilinin rus dili olması zəruridir.

Müsahibəyə vaxt ayırmağımın səbəblərindən biri də onunla bağlıdır ki,bu müsahibə Koçaryanın Moskva səfəri ilə eyni vaxta təsadüf edir. Ermənistanın əli qanlı siyasi elitası 10 noyabr və 11 yanvar üçtərəfli birgə Bəyanatları kapitulyasiya aktı kimi qəbul etsə də,orada revanş hissi ilə yaşayanlar az deyil.Onu da unutmamalıyıq ki,bu qüvvələrə xaricdən dəstək verən nüfuzlu siyasi dairələr də mövcuddur.Hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyəti,xüsusən də Koçaryan və Sarqsyan kimilər günah keçisi axtarışına çıxıblar.Yaxın günlərdə Ermənistanda daxili nifaqın,qarşıdurmanın daha da dərinləşəcəyi gözləniləndir.Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağından,hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq,Ermənistan 10 noyabr və 11 yanvar Bəyanatlarının şərtlərini icra etməyə məcburdur. Toparlanmaq üçün orada vaxt udmaq məqsədini güdən,revanş hissi ilə yaşayan kəsim də bilməlidir ki,dinc birgəyaşayışın alternativi yoxdur,zəhərli xülyalar Ermənistan cəmiyyətinə daha böyük faciələr vəd edir.

Cənubi Qafqazda dayanıqlı təhlükəsizliyi təmin etmək,erməniləri ziyanlı vərdişlərindən çəkindirmək üçün,ilk növbədə,möhtəşəm birliyimizi qorumalıyıq,ötən əsrin 90-cı illərinin əvvəlində cəmiyyətimizdə edilən səhvlərin təkrarlanmasına imkan verməməliyik. Şəhidlərimizin ruhu,qazilərimizin axıdılan qanı, ordumuzun göstərdiyi qəhrəmanlıq nümunəsi, xalqımızın 30 il boyunca yaşadığı və min-bir əziyyətlə son verilən torpaq həsrəti bunu hər birimizdən tələb edir. Həll etməli olduğumuz problemlər,qarşımızda duran vəzifələr də məlumdur. Onların həlli üçün hakimiyyətin siyasi iradəsi də, xalqımızın istək və dəstəyi də ortadadır.Dövlət müstəqilliyimizin əbədiliyini təmin etmək və ərazi bütövlüyümüzü qorumaq, gələcək nəsilləri yeni təhlükələrdən hifz etmək üçün ümumxalq birliyimizdə daha möhkəm olmalıyıq,bu möhtəşəm birlikdən sapmamalıyıq. Ümummilli məsələlərdə birlikdən sapanların Vətən, torpaq sevgisinə inanmıram.

Ülvi Quliyev

Milli Məclisin deputatı