Deputat: “Ermənistanın nə iqtisadi gücü, nə də ordusu mövcuddur ki, müharib aparsın”

Son zamanlar ermənilərin sərhəddə törətdikləri təxribatların, ələlxüsusda Kəlbəcər rayonunda jurnalistlərin və mülki şəxslərin qətli ilə nəticələnən terror aktının bir neçə səbəbi var”. 

Bunu  açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 

Deputat vurğulayıb ki, 44 günlük müharibədə aldıqları biabırçı məğlubiyyətlə barışmaq istəməyən revanşist qüvvələr yeni müharibə çağırışları səsləndirirlər:  “Revanşistlərin əksəriyyəti xarici ağalarının, əsasən də dünya erməniliyinin tapşırıqlarını icra etməklə, regionda sülhün yaranmasına maneçilik törədirlər. Digər səbəb isə Ermənistanda iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri ilə əlaqədardır. Seçkidə iştirak edən siyasi qüvvələrin bir-birinə qarşı sərhəd kompramatlarından istifadə etməsi mümkündür. Regionda uzunmüddətli geosiyasi maraqlarını təmin etmək istəyən aktorların gizli “fəaliyyətini” də vurğulamaq lazımdır. Müharibədən sonra Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqları qəbul etmək istəməyən həmin qüvvələrin fəallaşmasının səbəblərini bunda axtarmaq lazımdır”. 

Parlament üzvü bəyan edib ki, erməni tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etməməklə müharibədən sonra Azərbaycana keçmiş diversantları şantaj yolu ilə azad etdirmək məqsədi güdür: “Ermənistanda hökumət formalaşmamış, nizamlama prosesində hansısa ciddi addımların atılacağını düşünmək sadəlövhlükdür. Şübhə yox ki, genişmiqyaslı müharibə aparmaq üçün Ermənistanın nə iqtisadi gücü, nə də ordusu mövcuddur. Ancaq zaman-zaman terror aktlarını törətməklə sabitliyi pozmağa cəhd edəcəklər. Daim ayıq-sayıq olmalıyıq. Təxribatlarda kənar qüvvələrin iştirakını da istisna etmirəm”.