Deputat: “Ermənistanla yenidən onların anladığı dillə, dəmir yumruqla danışmağa ehtiyac var”

Paşinyanın 2 sentyabr tarixli açıqlamaları göstərir ki, Azərbaycanla şərti sərhədlərdə və Qarabağda hərbi təxribatların arxasında Ermənistan dayanır.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat deyib ki, cəmi 4 ay əvvəl Azərbaycanın ərazi bütövlüyünü rəqəmlərdə ifadə edərək, tanıdığını bəyan etməsinin ardınca indi Paşinyanın yenidən Qarabağa dair Vətən müharibəsinə qədərki ritorikasına qayıtması ərazi bütövlüyü məsələsində İrəvanın heç vaxt səmimi olmadığını, hayların riyakarcasına yenidən təcavüzkar niyyətlər üçün fürsət gözlədiyini göstərir: “Görünən odur ki, qalib Azərbaycanın ardıcıl sülh ritorikası, əməkdaşlıq çağırışları İrəvanda lazımınca qiymətləndirilmir, yaxud fərqli anlaşılır. Deməli, Ermənistanla yenidən onların anladığı dillə, dəmir yumruqla danışmağa ehtiyac var. Xüsusən, İrəvanda Köçəryan-Sarkisyan cütlüyünün, Qarabağda isə onların himayəsi altında Arkadi Qukasyan və Bako Saakyanın yenidən aktivləşməsi ermənilərin öz havadarlarının təşviqi ilə artıq revanş niyyətlərini reallaşdırmaq niyyətində olduğunu göstərir. Təbii ki, Azərbaycanın bu prosesin gedişatına dözmək niyyəti yoxdur. Prezidentin ifadə etdiyi kimi, biz qisasımızı 44 günlük savaşda almışıq, lakin İrəvanın start verdiyi ardıcıl təxribatları fonunda Bakı da BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq hərbi əməliyyatlarla təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır. Təbii ki, əgər bu təxribatlar əsgərimizin yaralanması ilə müşahidə olunursa, təhlükəsizliyimiz təhdid edilirsə, cəza tədbirləri kimdəsə sual doğurmamalıdır”.

Bəhruz Məhərrəmov qeyd edib ki, bu il iyunun 23-də Prezident İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrindən birinə baş çəkərkən Ermənistanla şərti sərhəd boyunca bütün əlverişli mövqelərdə möhkəmləndiyimiz, yüksəkliklərdə olmağımızın bizə strateji üstünlük təmin etdiyi, Ordumuzu isə böyük dərəcədə gücləndirdiyimiz barədə hər kəsi xəbərdar etmişdi: “Prezidentin dediyi kimi, “Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır”. Güman etmək olar ki, Ermənistan mümkün dövlət çevrilişi ərəfəsindədir və İrəvan məhz siyasi mübarizə fonunda mövcud hərbi-siyasi təxribat ritorikasına əl atmaqdadır. Lakin Ermənistan da, havadarları da dərk etməlidir ki, Azərbaycanın İrəvanın subyektiv niyyətini araşdırmağa nə vaxtı, nə də həvəsi var. Heç bir əsas və səbəb Ermənistanın hərbi-siyasi təxribatlarına haqq qazandıra bilməz. Azərbaycana doğru açılan hər gülləyə görə İrəvan məsuliyyət daşıyır və cəzasını alacaq. İrəvanın ümid etdiyi havadarlarının dəstəyinə gəlincə, Prezident İlham Əliyevin avqustun 26-da Laçında, Həkəri çayının sahilindən bəyan etdiyi kimi, “heç kim bizim iradəmizə təsir edə bilməz”.