Deputat:” Fransa Azərbaycana qarşı təxribatçı çıxışlar edir”

mmanuel Makronun erməni diasporunun nümayəndələri ilə görüşündə Fransanın Ermənistanın baş nazirindən daha çox Qarabağ ermənilərinin maraqlarını müdafiə etməsi, Azərbaycanın daxili işlərinə qarışması Fransanın neokolonial siyasətinin təzahürüdür. Fransanın keçmiş müstəmləkələri olan bəzi Afrika ölkələri bu gün də rəsmi Parislə qarşıdurma vəziyyətindədirlər. Oxşar yanaşma Azərbaycanda da müşahidə olunur, lakin başqa səbəblərə görə. Fransanın müstəmləkəsi altında inildəyən ölkələrdə ekoloji problemlər, o cümlədən içməli su və qida çatışmazlığı yeni xəbər deyil və Paris bu barədə heç bir tədbir görmək niyyətində deyil”. Bunu  Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı da Fransanın müstəmləkəçilik siyasəti haqqında fikirlərini söyləyib: “Prezident Fransanın müxtəlif ölkələrdə törətdiyi soyqırımlardan danışdı, sərt formada tənqid etdi və bu tənqidlərin də ciddi əsasları var. Tarixə baxanda görürük Fransanın əli milyonlarla insanın qanına batıb. Təəssüf ki, Avropada islamofob meyllər getdikcə artır. Bir sıra ölkələrdə Quranın yandırılması, eləcə də müsəlmanlara qarşı dözümsüz münasibətlər geniş vüsət alır. Həmin ölkələrin başında Fransa durur. Fransa davamlı olaraq bir sıra məsələlərdə Azərbaycanı günahlandırmağa çalışır. Reallıq isə odur ki, özünü demokratiyanın beşiyi sayan Fransada Əlcəzair vətəndaşlarının sümükləri muzeydə nümayiş etdirilir. Onlar hələ də bu siyasəti davam etdirir, müsəlmanlara qarşı yenə amansız hərəkətlər edir. Fransa Azərbaycana qarşı da təxribatçı çıxışlar edir. Fransa Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə, əlini regionumuzdan çəkməlidir, sülhün bərqərar olmasına mane olmamalıdır”.

A.Hüseynov əlavə edib ki, Fransa törətdiklərinin bədəlini ödəməyə başlayıb: “Bütün Afrika, Yaxın Şərq, Okeaniya, Cənub-Şərqi Asiyanın bəzi ölkələri, Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlar bu gün Parisə qarşı birləşiblər. Ötən əsrin ikinci yarısında müstəmləkələrdən əl çəkən ölkələr sözlərinin üstündə durub siyasətlərində xeyli yumşaltmalara getsələr də Fransanın yalnız siyasi dekorasiya apardığını görə bilərik. Fransa müstəmləkələrindən əl çəkmək niyyətində deyil”.