Deputat: “Fransa öz yeritdiyi insanlıqdan kənar davranışın bumeranq effektini yaşayır”

“Dünyada Fransa qədər insan haqlarından, demokratiyadan bəhs edən ikinci bir dövlət tapmaq mümkün deyil. Fransa hər zaman özünü beynəlxalq ictimai fikrə insan haqlarının bir nömrəli müdafiəçisi kimi sırımaq istəyir”.

Bu sözləri millət vəkili Elman Nəsirov Fransada baş verən iğtişaşlar haqında danışarkən söyləyib:

“Fransa özünü dünyada insan haqlarının əsas müdafiəçisi kimi təqdim etmək istəyir. Reallıqda isə Fransanın tarixi cinayətlər ilə zəngindir. 1830-cu ildən 1962-ci ilə qədər Əlcazairin başına gətirdiyi müsibətlər və sözün həqiqi mənasında soyqırım siyasəti hər kəsə bəlli həqiqətdir. 1,5  milyondan çox əlcəzairlini soyqırımı nəticəsində məhv etmiş Fransa dövləti bu gün də eyni siyasəti müxtəlif formalarda davam etdirməkdədir. İrqçilik artıq Fransa dövlət siyasətinin mühüm bir elementinə çevrilib”.

Millət vəkili həmçinin 17 yaşlı gəncin aksiyalarda polis tərəfindən öldürülməsi məsələsinə də toxunaraq qeyd edib ki, o şəxs əlcazairli olduğuna görə güllələnib.

“O şəxs sadəcə Fransa vətəndaşı olaraq güllələnməyib, bu hadisə onun məhz əlcazairli olduğuna görə də irqi zəmində baş verib. Bu günlərdə mənim fikrimcə, Fransada xalqın növbəti və çox dəhşətli etiraz dalğası baş verməkdədir. Fransa öz yeritdiyi insanlıqdan kənar davranışın bumeranq effektini yaşayır və bütün bu reallıqlar fonunda Fransa haqq-ədalətdən danışır. Ayrı ayrı regionlarda sülhün və təhlükəsizliyin təminatına guya töhfə vermək istəyindən bəhs edir. Biz çox gözəl bilirik ki, Makron başda olmaqla Fransanın ali siyasi rəhbərliyi, erməni separatizmini dəstəkləyib və buna davam edir. Makron bəlkə də respublikanın tarixində yeganə prezidentdir ki, öz ermənipərəst xislətini açıq şəkildə büruzə verir və öz tvit yazılarını belə fransız dilində deyil, erməni dilində ifadə edirdi. Bunu biz unutmamışıq, bu gün də həmin siyasətə sadiqdir. Təsəvvür edin, Fransa bu günlərdə od içində yanır, lakin Fransa prezidenti Emanuel Makron isə öz həyat yoldaşı ilə sanki böyük bir zalda oturub konsert dinləməkdədir”.

E.Nəsirovun sözlərinə görə, gecə-gündüz demokratiya və insan hüquqlarından ağız dolusu danışan Fransada söz və mətbuat azadlığının necə qəddarcasına yatırıldığının da bu yaxınlarda şahidi olduq:

“Bir neçə gün öncə Azərbaycan Dövlət Televiziyasının əməkdaşları Fransada söz, mətbuat azadlığına qarşı qəddar, vəhşi bir davranışla üz-üzə qaldı. Orada bizim jurnalistlərə yüngül xəsarət yetirilib, onların kameraları sındırılıb və kameralarını geri almaq istəyərkən ölümlə hədələniblər. Bu hadisələr Afrikanın Banan respublikasında deyil, özünü demokratiyanın cazisi elan etmiş Fransanın küçələrində baş verib. Bütün bu dediklərimiz sonda o qənaətə gəlməyə əsas verir ki, Fransanın bu gün heç bir regionda, heç bir beynəlxalq hadisəyə, beynəlxalq təhlükəsizlik məsələsinə münasibətdə ədalətli mövqeyini gözləməyin mənası yoxdur. Separatizmi dəstəkləyən və irqçilik siyasətini dövlət siyasətinin əsas istiqamətinə çevirən Fransa dövlətinin sülhdən, birgə yaşayış və tolerantlıqdan bəhs etməyə haqqı yoxdur, çünki irqçilik bu dövlətin sanki alın yazısıdır”.