Deputat: “Fransa Senatı BMT-nin qətnamələrinə qarşıdır”

Azərbaycan 44 gün davam edən Vətən müharibəsində beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müdafiə edib, öz ərazi bütövlüyünün təmin olunması istiqamətində müvafiq addımlar atıb. Ölkəmizin haqq işi qələbəmizlə nəticələnib. Görünür, Azərbaycanın beynəlxalq hüququn normaları əsasında öz haqqını bərpa etməsi işğalçı Ermənistanın havadarlarını ciddi şəkildə narahat edir. Onlardan biri də Fransadır.

Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, bir qrup ermənipərəst, antitürk, anti-Azərbaycan əhval-ruhiyyəli senator tərəfindən irəli sürülən və Fransa Senatında qəbul edilən qərəzli qətnamə beynəlxalq hüquqa tamamilə ziddir. Onun sözlərinə görə, qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. “Bu sənəd BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin həlli və Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin heçə sayılmasıdır. Nəzərə alsaq ki, həmin qətnamələrin qəbuluna Fransa da səs verib, Senatın bu addımı öz-özünü inkar etmək mənası verir. Təbii ki, bu sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Amma ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransanın Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir. Bu sənədin qəbulu ilə Fransanın həmsədr kimi neytrallığı pozulmuş olur”, – deyə S.Fətəliyeva vurğulayıb.

Deputatın fikrincə, Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından, eyni zamanda, özünün arxa planda qalmasından narahatdır. Lakin həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir.

S.Fətəliyeva qeyd edib ki, Fransa bu qərarla regionumuzda tamamilə təsir gücünü itirdi. Bu, onun ən ciddi xarici siyasət səhvi və vahid Avropa məsələlərində Fransanın “xüsusi” rolunun azalmasına dəlalət edir. Bu sənədin qəbulunun nəticələri, ilk növbədə, Fransanın öz mənafelərinə mənfi təsir göstərəcək.

S.Fətəliyeva, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda digər dinlərə məxsus dini və mədəni abidələrin qorunmasına dair Fransadakı bəzi dairələrin “narahatlıqları”na da münasibət bildirib. Qeyd edilib ki, Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarında yerləşən dini abidələrimizə qarşı ermənilər tərəfindən vandalizm aktları törədilib. Bu illər ərzində işğal olunmuş ərazilərdəki İslam dini abidələri vəhşicəsinə dağıdılıb, ermənilər qədim Alban tayfalarına məxsus dini və tarixi məbədləri özününküləşdirməyə çalışıblar. Bu illər ərzində Azərbaycan dövləti müvafiq beynəlxalq təşkilatlara bununla bağlı müraciətlər edib və problemin qarşısının alınması üçün addımlar atmağa çağırıb. Təəssüf ki, heç bir təşkilat və Avropa dövlətləri buna ciddi münasibət bildirməyiblər. Azərbaycan multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərində dağıdılmış İslam və qeyri-İslam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcək. Məlumdur ki, Azərbaycanda etnik və dini zəmində tolerantlıq yüksək səviyyədədir, müxtəlif dinlərə məxsus abidələrin mövcud vəziyyəti də bunu təsdiq edir. Prezident İlham Əliyev qeyd etdiyi kimi, erməni şovinizminin havadarlarının Azərbaycan ərazisindəki dini abidələrlə bağlı narahatlığının heç bir əsası yoxdur.