Deputat GUAM PA-nın sessiyasında təkliflə çıxış etdi

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib.

Milli Məclisin deputatı Fatma Yıldırım GUAM Parlament Assambleyasının videokonfrans sessiyası təkliflə çıxış edib.

Millət vəkilinin çıxışını təqdim edirik

Öncəliklə qeyd etmək istəyirəm ki, üzv olduğumuz GUAM təşkilatı ötən illər ərzində mühüm beynəlxalq platforma kimi özünü təsdiq etmişdir.

Təşkilata üzv olan dövlətlər arasında bir çox sahələr üzrə fəal əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, GUAM-Azərbaycan əlaqələri və GUAM çərçivəsində Azərbaycanla digər üzv ölkələr arasında münasibətlərin inkişaf tendensiyası aydın göstərir ki, təşkilatın yaranması müxtəlif sahələrdə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi baxımından vacib addım idi. Azərbaycan Respublikası GUAM formatında ən çox fəallıq nümayiş etdirən ölkələrdən biridir. Belə ki, Azərbaycan zəngin enerji resurslarına malik olmaqla, enerji daşıyıcılarının əlverişli və təhlükəsiz marşrutlarla dünya bazarına çıxarılması istiqamətində xüsusi fəallıq nümayiş etdirir, dünyanın ayrı-ayrı güclü ölkələri ilə enerji sahəsində konstruktiv əməkdaşlıq qurur. Eyni zamanda, bizi bu təşkilatda birləşdirən vacib amillərdən biri dövlətlərin ərazi bütövlüyü ilə bağlı üzləşdiyi problem olmuşdur. Biz GUAM olaraq bütün beynəlxalq platformalarda bir-birimizin ərazini bütövlüyünü dəstəkləmişik. Və bu gün də dəstəkləyirik. Məlumdur ki, 30 ilə yaxın Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycan Respublikası ötən il 44 günlük Vətən müharibəsi zamanı özünün beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərini işğaldan azad etmişdir. Bu fakt göstərir ki, dünyada gec-tez ədalət qalib gəlir.Hörmətli tədbir iştirakçıları!Biz GUAM çərçivəsində müxtəlif istiqamətlərlə yanaşı demokratik inkişaf sahəsində də fəal əməkdaşlıq edirik. Bu gün burada müzakirə etdiyimiz Gürcüstanda parlament seçkiləri ilə bağlı məsələ də bu konteksdə dəyərləndirilə bilər. GUAM PA-nın müşahidə missiyasının üzvü kimi qeyd edə bilərəm ki, ötən il oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri şəffaf və dinc şəraitdə keçirilmişdir. Pandemiya şəraitinə baxmayaraq, səsvermə prosesində seçici fəallığı müşahidə olunmuşdur. Bu, gürcü xalqının demokratik dəyərlərə nə dərəcədə böyük əhəmiyyət verməsinin göstəricisidir. Mən missiyanın tərkibində seçkiləri Gürcüstanın Tbilisi və Mtsxeta şəhərlərində, Tserovani yaşayış məntəqəsində müşahidə etmişəm. Bütövlükdə, müşahidə missiyasının üzvü kimi hesab edirəm ki, parlament seçkiləri beynəlxalq standartlara uyğun şəkildə keçirildi, bu seçkilərdə demokratiya qələbə qazandı və bu ali dəyərə sadiq qalan Gürcüstan xalqını bir daha təbrik edirəm.Əziz dostlar,Yeri gəlmişkən, mən fürsətdən istifadə edərək həmçinin qısa şəkildə Azərbaycan-Gürcüstan əlaqələri haqqında da danışmaq istəyirəm. Azərbaycanla Gürcüstanın münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Ötən illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi sahələrində əməkdaşlıq özünün yüksək səviyyəsinə çatıb. Belə ki, Gürcüstan ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı beynəlxalq iqtisadi layihələrin fəal iştirakçısıdır və həmişə özünü etibarlı tərəfdaş kimi nümayiş etdirməkdədir. Son illərdə əsasən, iqtisadi əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələrin inkişafının nəinki Cənubi Qafqazın, hətta qonşu regionların da siyasi və iqtisadi həyatında da mühüm rol oynadığının şahid oluruq. Bu baxımdan, regionda qlobal layihələrin realaşmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı mühüm rol oynamışdır. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TAP, TANAP və s. kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr bu ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Eyni zamanda, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar daxilində Gürcüstanla Azərbaycanın əməkdaşlığı ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.Fikrimcə, biz GUAM olaraq bundan sonra da demokratiyanın inkişafı sahəsində əməkdaşlımızı və təcrübə mübadilələrimizi davam etdirməliyik.