Deputat: “İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”

Hər bir xalqın tarixi keçmişi bəlli bir təsir gücündə onun gələcəyini müəyyənləşdirən amillərdən biridir. Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik, bərabərlik və ədalət uğrunda mübarizələrdən ibarətdir. Əsrlər boyu davam etmiş, zaman-zaman qazanılmış, itirilmiş və yenidən qazanılmış bu azadlıqlar xalqın mübarizlik ruhunu həmişə qidalandırıb. XIX əsrin əvvəllərində xanlıqların Rusiya tərəfindən istilası başa çatdığı zamandan xalqın cəsarətli ziyalıları tarixi dövlətçiliyimizi bərpa etmək üçün daim azadlıq mücadiləsi aparıblar. Bir əsrdən çox davam edən bu mübarizə I Dünya müharibəsindən sonra baş verən qlobal transformasiyalar şəraitində xalqımızı ilk böyük qələbəyə çatdırıb. 1918-ci ildə Türk dünyasının respublika quruluşlu ilk dövləti – Azərbaycan Xalq Cümhuriyyəti meydana gəlib. Ulu Öndər Heydər Əliyev tariximizin bu möhtəşəm anı haqqında belə deyirdi: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni, 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı”.

Təəssüf ki, o zaman xalqımızın azadlıq və müstəqillik sevinci uzun sürmədi. Yenicə başa çatmış dünya müharibəsinin dağıntıları aradan qalxmamış beynəlxalq imperializm yeni müstəmləkəçilik siyasətini işə saldı. Azərbaycan Xalq Cümhuriyyəti yenidən işğala və müstəmləkə asılılığına düçar oldu.

Bu sözləri   Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O qeyd edib ki, 70 il sovet imperiyasının tərkibində öz mövcudluğunu sürdürən Azərbaycan azadlıq savaşını bir an belə dayandırmadı. Bu yolda minlərlə insan öz həyatını itirdi, lakin xalq azadlıq amalından dönmədi. 1980-ci illərin sonu və 1990-cı ilin əvvəllərində dünya yenidən qlobal miqyaslı ictimai-siyasi çaxnaşma ilə üzləşdi. Sovet imperiyasının süqutu başladı. Belə bir zamanda Azərbaycan öz müstəqilliyini bərpa etmək və yenidən azadlığına qovuşmaq üçün mücadiləyə qalxdı. “Ya indi, ya da heç zaman” dilemmasını müstəqilliyin xeyrinə həll etmək xalqın qarşısında duran ən böyük həyati çağırış idi. Həmin dövrdə ölkədə baş verən siyasi kataklizmlər dalğasında hakimiyyətin bir qrup səbatsız psevdo-siyasətçilərin əlinə keçməsi qazanılması mümkün olan müstəqilliyimizi ciddi sual altına qoymuşdu. Belə bir şəraitdə xalqın ən böyük idealını gerçəkliyə qovuşdurmağın yolunu və üsullarını bilən yeganə siyasətçi Heydər Əliyev idi. Odur ki, Azərbaycanın müstəqilliyini qəbul etmək istəyən xarici qüvvələr onlara qulluq edən daxili xəyanətkarların vasitəsilə Heydər Əliyevin hakimiyyətə yaxınlaşmasını hər vəchlə önləməyə çalışırdılar. Bütün maneələrə və özünün ahıl yaşına baxmayaraq Heydər Əliyev azadlıq və müstəqillik mübarizəsindən geri çəkilmədi. Əksinə həyatının qalan hissəsini də xalqın azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etdiyini qürurla və cəsarətlə bəyan etdi.

Ölkəmizin təcavüzə məruz qaldığı və torpaqlarımızın işğal olunduğu ağır bir zamanda 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Bu isə ona ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə yeni imkanlar yaratdı. Qəbul etdiyi ilk qərarlardan biri Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar oldu. Daha sonra qəbul edilmiş tarixi qərarlarla Naxçıvanın müdafiəsi və blokada şəraitində yaşaması və mübarizə aparması təmin olundu. Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada Heydər Əliyev tərəfindən müəyyənləşdirildi.

“Hələ1990-cı ilin noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Soveti üçrəngli Cümhuriyyət bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı kimi təsbit olunması barədə qərar qəbul etdi. Həmin Qərarda yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması Azərbaycan Respublikasının ali qanunverici orqanına təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi oldu. Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin adı dəyişdirildi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırıldı. Ölkə ərazisində baş vermiş və baş verməkdə davam edən bütün qeyri-qanuni hadisələr məhz Naxçıvan Ali Məclisində müzakirə olunur və müvafiq qərarlar qəbul olunurdu. Bu müzakirələrdə mövcud siyasi vəziyyət əhatəli təhlil olunur, ölkədəki böhranlı vəziyyətdən çıxış yolları aranırdı. Odur ki, Naxçıvanda aparılan bütün müzakirələr və həyata keçirilən tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydə Əliyevin xalqın taleyi ilə bağlı verdiyi təkliflər, irəli sürdüyü təşəbbüslər və apardığı siyasət xalq tərəfindən yekdilliklə dəstəklənirdi. Belə cəsarətli və sonrakı dövrdə xalqın müstəqillik idealının gerçəkləşdirilməsində mühüm rol oynamış təkliflərdən biri də 1991-ci il avqustun 30-da məhz Ulu Öndər tərəfindən irəli sürüldü. Belə ki, həmin tarixdə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində o sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Beləliklə, Azərbaycanın XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa etməsi prosesi həyata keçirilməyə başlandı. Müstəqilliyimizin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunmasından sonra onun reallaşdırılması və real müstəqilliyə nail olunması da məhz Heydər Əliyevin dərin zəkası və siyasi məharəti nəticəsində mümkün oldu. Bu gün Azərbaycan dünya miqyasında öz müstəqil siyasətini yürütməyə qadir olan azsaylı dövlətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xalqın milli maraqlarına əsaslanan siyasət Azərbaycanı dünyanın nüfuzlu və etibarlı dövlətlərindən birinə çevirib. Bugünkü müstəqillik uğurlarımızın əsasında Heydər Əliyev siyasəti, Qarabağın işğaldan azad olunması, müasir dövlət və demokratik cəmiyyət quruculuğu sahəsində zəfərlərimizin zəminində isə İlham Əliyev qətiyyəti dayanır”, – deyə deputat vurğulayıb.