Deputat kəndlilərin probləmlərindən danışdı

“Zaman imkanından istifadə edib seçiciləri narahat edən, Biləsuvarda həqiqətən ciddi problemə çevrilən bir məsələni də gündəmə gətirmək istəyirəm.

Yəqin ki, kənd rayonlarından olan həmkarlarım da təsdiq edər, bu gün xeyli sayda torpaqsız kəndlilərimiz var. İnsanlar var ki, yüz hektarlarla əkin və örüş sahəsinə sahibdir, ailələr də var ki, 30 sot pay torpağının ümidinə qalıb, bəzilərində isə heç o da yoxdur”.

XALQ.AZ xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında deyib.

O bildirib ki, təmsil etdiyi Biləsuvarda hər görüşdə bununla bağlı şikayət və müraciətlər alır:

“Hörmətli Sədr, Sizdən xahiş edirəm ki, aidiyyatı komitədə bununla bağlı analoji şikayətlər alan deputatlarımızın və hökumət nümayəndələrinin də iştirakı ilə bir dinləmə keçirək. Nəzərə almalıyıq ki, kənd yerində əkinçinin torpaqsız, maldarın örüşsüz mövcudluğu mümkün deyil, bu mənada problemə tez bir zamanda çıxış yolu tapılmalıdır”.