Deputat: “Neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu”

“Azərbaycanı qurtuluşa aparan yol çox çətin olub. Çətin sınaqlar bəzilərini mübarizədən kənarlaşdırsa da, xalqının gələcəyini düşünən, dövlətçiliyin bərpasını qarşısına ən böyük amal, məqsəd kimi qoyan Ulu Öndər Heydər Əliyev heç bir çətinlikdən qorxmadı, geri çəkilmədi, təkcə özünün yox, ailəsinin, yaxınlarının həyatını təhlükəyə ataraq Azərbaycanı qorudu, xalqı bəlalardan xilas etdi. Xilaskarlıq missiyası Ulu Öndərin Naxçıvandan Bakıya gəlişi ilə başladı. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında isə Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bu şərəfli missiyanı öz üzərinə götürən Heydər Əliyev Azərbaycanı üzləşdiyi ağır vəziyyətdən xilas etmək üçün bütün gücünü, təcrübəsini və imkanlarını səfərbər etdi”. BunuMilli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Ulu Öndər hər zaman öz xalınqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməyib, ən ağır məqamlarda xalqımız əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlətçiliyi, xalqın və dövlətin maraqlarını qoruyacaq və ən düzgün qərarlar verəcək: “Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayıb və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin edib. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 18-də xalqa etdiyi müraciətində ölkədə vəziyyətin nə qədər çətin və mürəkkəb olduğunu diqqətə çatdırırdı. Bildirirdi ki, “dərdlər çoxdur. İndi hər bir kəsin həyatında ağırlıq hiss olunur. Hamımız çətin vəziyyətdə yaşayırıq. Bəlkə də birinin həyatı o birisindən daha da çətindir. Xalqımız böyük fəlakət içərisindədir. Ermənistanla müharibə gedir. Torpaqlarımızın bir hissəsi işğal olunubdur. Dünən, srağagün – biz bu məsələlərlə məşğul olduğumuz dövrdə – Ağdam istiqamətində qanlı döyüşlər gedib, itkilər olubdur. Bizim vətəndaşlarımız, əsgərlərimiz, oğullarımız həlak olublar, dağıntılar baş veribdir. Bunlar hamısı üst-üstə gəldikcə, Azərbaycanda vəziyyət daha da gərginləşir. Ona görə də bu gərginliyi aradan qaldırmaq üçün gərək hər kəs öz imkanından öz vicdanı, namusu, vətənpərvərliyi ilə istifadə etsin ki, biz bu gərgin vəziyyətdən çıxaq”. Bəli, Heydər Əliyevin böyüklüyü, dahiliyi, uzaqgörənliyi xalqı çətinliklərdən, xaosdan çıxara bildi. Baxmayaraq ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti çaşqın vəziyyətdə idi, buna baxmayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ümidlənmişdi. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, nizami ordu yaradıldı. Bu da torpaqlarımızın işğaldan azad edilməsində ən mühüm amil oldu. Eləcə də, ölkədə idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməlini möhkəm özüllər üzərində qurmağı bacardı”.