Deputat növbəti erməni yalanını ifşa etdi

44 günlük Vətən müharibəsi ərzində Xocavənd ərazisində erməni işğalından azad olunan tarixi abidələrdən biri də Qtişvəng məbədidir. Xatırlayırsınızsa, ermənilər bu məbədin divarlarında müxtəlif yazılar yazıb, onun faktiki olaraq erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsinin olmadığını əməlləri ilə təsdiq etmişdilər.

Prezident İlham Əliyevin Tuğ kəndindəki məbəddə olarkən dedikləri Qtişvəng monastırına da aiddir: əgər bu abidələr ermənilərə məxsus olsaydı, onlar bu məbədləri belə viran edərdilərmi?Qtişvəng, Ktişvəng, Qtçavənk və ya Gütəvəng monastırı Toxasar dağının şimal-şərq ətəyində (Xocavənd ərazisində), sıx meşənin ortasında yerləşən tarixi monastır kompleksidir. Alban memarlığının daha bir gözəl nümünələrindən olan bu məbədin də tarixi və təyinatı ermənilər tərəfindən qəsb olunub, talan və viran edilib. Onlara aid tarixi abidə olsaydı, nəzarətə götürülər və qorunardı. Reallıqda isə əksinə – natəmiz, divarları əcaib yazılarla korlanmış haldadır. Monastır yeparxiya mərkəzi kimi əvvəlcə Arranşahların nəzarətində olub, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçib. XIII əsrdə yeni tikililər hesabına genişlənib, xüsusilə Dizaq məlikləri dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilib. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verir.Məbəd zamanın dağıdıcı gücünə, xüsusilə 1868-ci il zəlzələsinə baxmayaraq, əvvəlki görünüşünü qoruyub saxlaya bilib. Yeri gəlmişkən, ermənilər “vəng” sözünün öz dillərində “kilsə” anlamı verdiyini desələr də, əslində xristian məbədlərində «vəng» məbəd və abidələrə münasibətdə «əbədi» anlamı verən “bəngü” sözü ilə bağlıdır. Bu qədim türk sözü «yaşar» mənasını verir: “bəngü su” (həyat suyu, eliksir), “bəngü daş” (yazılı anıt daş) və sairə. H.Mirzəyev bəngü (mengü) sözünün “vəng”lə bağlılığını belə izah edir və bunun Ermənistan ərazisində Qara-vəng, Qoşa-vəng, Qodux-vəng adlarında təkrar olunduğunu vurğulayır. Qədim türklər «əbədi» anlamında olan bengü//bəngü sözünü «abidə, yazılı daş» anlamında işlədiblər.

Elnur Allahverdiyev

Milli Məclisin deputatı