Deputat: “Ölkəmizdə fəaliyyət göstərən otellərdə fəaliyyət və servis xidməti çox yüksək formadadır”

“Ölkəmiz bu il də daxili turizmə tam hazırdır”.

Bu fikirləri Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

Deputat bildirib ki, bu gün ökəmizdə istənilən qədər otellər və hostellər var:

“Ümumiyyətlə, ölkəmizdə fəaliyyət göstərən otellərdə fəaliyyət və servis xidməti çox yüksək formadadır. Misal olaraq, mənim doğma Lənkəranımda da kifayət qədər otellər var, həmçinin başqa rayonlarda da bu mövcuddur. Yəni gəzməli, tarixi, turistik yerlərimiz kifayət qədərdir. Mən düşünürəm ki, qiymətlərdə uyğunluq olsa vətəndaşlarımız istirahət məkanlarımıza daha çox üz tutarlar.

Qeyd edim ki, Türkiyədə və Gürcüstanda da bazar iqtisadiyyatıdır. Orada da tələb-təklif və rəqabət var. Son illər bu ölkələrə turistlər daha çox üz tuturlar. Türkiyəyə daha çox Rusiyadan turistlər gəlir.

Bildiyimiz kimi, Rusiya hazırda sanksiya altındadır. Avropaya və digər ölkələrə getmək məhdudiyyəti var. Ona görə də, Rusiyadakılar daha çox ya Türkiyəyə, ya da Misirə gedirlər. Düzdür, Azərbaycana da üz tutanların sayı kifayət qədərdir. Şəhərdə gəzəndə bunun şahidi oluruq. Onlar üçün Azərbaycanı gəzib, tanımaq maraq kəsb edir.

Düşünürəm ki, ölkəmizdə də kifayət qədər gəzib, dincəlmək olar. Mən bu yay xaricə getməyi planlasdırmamışam. Tətilimi yarısını Lənkəranda, digər yarısını isə Bakıda bağda keçirməyi planlaşdırıram”.