Deputat: “Onlar erməni havadarlarının sifarişini icra edir”

“Antimilli fəaliyyətlə məşğul olan qaragüruhçuların erməni tərəfdarları təxminən 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqlarımızda  o zamanlar mülki əhalidən ələ keçirdikləri avtomobillərin dövlət qeydiyyat nişanları stendini düzəltmişdilər. Eybəcər yerdə quraşdırdıqları bu stendə baxıb qürurlanırdılar. Nədənsə o vaxtı həmin qüvvələr bu davranışı Azərbaycana qarşı heç də təhqiredici addım kimi qiymətləndirmirdilər. Təəssüflər olsun ki, belə antimilli qüvvələr hər zaman dövlətçiliyimizə qarşı xəyanət mövqeyini nümayiş etdiriblər”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, Erməni lobbisinin qarayaxma, böhtan tezisləri üzərindən antimilli fəaliyyətlə məşğul olan Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası böyük qələbəni həzm edə bilmir: “44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu xalqımızın birliyi, cənab Prezidentin düzgün qurduğu strategiya ilə Ermənistan ordusunu darmadağın etdi. Bu, Azərbaycan tarixinin parlaq qələbəsidir. Eyni zamanda, Vətən müharibəsi zamanı bizim igid əsgər və zabitlərimizin gücü qarşısında Ermənistan ordusu öz hərbi texnika və digər hərbi sursatlarını döyüş meydanında qoyaraq qaçdı. Azərbaycan ordusu hərbi qənimətlər əldə etdi və bir neçə gün bundan əvvəl Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Bu park, əlbəttə ki, gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində, qələbəyə aparan yolu, ümumilikdə, Vətən müharibəsində əldə edilən uğurun tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. İstər müharibə dövründə, istərsə də ondan sonrakı post-müharibə dövründə Azərbaycanın şanlı qələbəsini həzm edə bilməyən qüvvələr oldu: bir sıra  “demokratik ölkələr”, həmçinin özünü hüquq müdafiəçisi adlandıran beynəlxalq təşkilatlar, sapı özümüzdən olan baltalar…”

Cavid Osmanov vurğulayıb ki, Hərbi Qənimətlər Parkını xüsusilə antimilli fəaliyyətlə məşğul olan Qənimət Zahidlər, Sevinc Osmanqızılar və onlar kimi xaricdə oturub Azərbaycana qarşı hər zaman böhtan atanlar, təhqir yağdıranlar, xalqı parçalamaq istəyənlər tamamilə fərqli mövqedən şərh edirlər: “Əlbəttə, bu tezislər onlara açıq-aydın şəkildə erməni havadarları tərəfindən verilib. Hərbi Qənimətlər Parkını təhqir adlandıranlar yəqin, yaddan çıxarıblar ki, həmin seperatçılar xalqımıza qarşı dəfələrlə soyqırımlar törədiblər. Bizim qadınlarımıza, uşaqlarımıza qarşı olunanları təhqir hesab etməyənlər Ermənistan üzərində parlaq qələbəmiz zamanı götürdüyümüz hərbi qənimətlərdən park salmağımızı təhqir adlandırırlar. Şükürlər olsun, xalqımız ağı qaradan ayıra bilir, xalqımız belə xəyanətkarları artıq uzun müddətdir ki, cəmiyyətdən silib atıb. Lakin çox təəssüf ki, bunlar hər zaman olduğu kimi bu məsələdə də bizim addımlarımızı öz havadarlarına təhqir sayırlar və bunu bütün dünyaya yaymağa çalışırlar. Qeyd edim ki, belə parklar, muzeylər dünyanın bir çox yerlərində var”.