Deputat: “Prezident İlham Əliyev ölkəmizin informasiya cəbhəsində apardığı mübarizəyə də komandanlıq edir”

Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatını böyük qətiyyət və şücaətlə davam etdirir. Ön cəbhədə olduğu kimi, Prezident Cənab İlham Əliyev ölkəmizin informasiya cəbhəsində apardığı mübarizəyə də komandanlıq edir.
Bu sözləri Cənab Prezident İlham Əliyevin Almaniyanın “ARD” televiziya kanalına müsahibəsini şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, sentyabr ayının 27-dən başlayaraq Cənab Prezident dünyanın ən aparıcı media qurumlarına müsahibələr verir, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır və dünya Azərbaycan həqiqətlərini birbaşa ölkənin Birinci şəxsinin dilindən eşidir. Lakin Azərbaycan Ordusu cəbhədə yeni uğurlar əldə etdikcə, Qərbin xüsusi mətbəxlərində hazırlanmış təxribatçı jurnalistlər daha qərəzli suallar verir, prokuror ədası ilə danışırlar. Buna baxmayaraq, Cənab Prezident qarşısındakının kim olduğunu, onun qərəzli niyyətini görsə də, onların jurnalist etikasından uzaq davranışları qarşısında peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirir, onlara tarix, beynəlxalq hüquq dərsi keçir.
Millət vəkili açıqlamasında xüsusilə qeyd edib ki, Cənab Prezidentin xarici mediaya verdiyi müsahibələrində dəfələrlə təkrarlanan bir çox feyk xəbərləri təkzib etməli olduğunu görürük. Məsələn, Yaponiyanın “Nikkei” qəzetinə, Fransanın “Le Figaro”, Amerikanın “Fox News” informasiya agentliyinə müsahibələrində Cənab Prezident atəşkəsi Azərbaycanın yox Ermənistanın pozduğunu vurğulamasına baxmayaraq, Almaniyanın “ARD” televiziyasının müxbirinin bu barədə sualı təkrarlaması onun qeyri-peşəkarlığının və qərəzli yanaşmasının bariz nümunəsidir. Həmçinin, müsahibə ərzində “ARD” televiziyasının müxbirinin bu qəbildən olan bir neçə feyk informasiyaları xüsusi qərəzliliklə vurğuladığının şahidi olduq. Çünki, bu təxribat xarakterli münasibət Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlarla birbaşa əlaqəlidir. Belə ki, Azərbaycanın müzəffər ordusu hər gün yeni kəndləri, qəsəbələri, şəhərləri düşmən işğalından azad etdikcə, Qərb jurnalistləri Cənab Prezidentə daha da məkrli, qərəzli, jurnalist etikasından kənar münasibət nümayiş etdirirlər. Görünən odur ki, ön cəbhədə Müzəffər Ordumuz düşmənin atəş nöqtələrini sərrast atəşlə susdurduğu kimi, Cənab Prezident informasiya cəbhəsində də öz qətiyyətli cavabları ilə feyk informasiyaları darmadağın edir və “düşmən” Azərbaycan Respublikasının Prezidentinin qətiyyəti, savadı qarşısında geri çəkilir.
Tamam Cəfərova bildirdi ki, Azərbaycan arsenalında olan İsrail və Türkiyə dronları barədə jurnalistin təxribat xarakterli sualına Cənab Prezident bir daha aydınlıq gətirmişdir. Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur. Həmçinin, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetərincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur. Jurnalistin “nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına Cənab Prezidentin artıq dillər əzbəri olan cavabı qarşısında təxribatçı jurnalist baş düşdü ki, sahiblərinin onun qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilmədi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”.
Bütün bunlarla yanaşı Cənab Prezident “dünya üzrə əksər tarixçilər” ifadəsinin yalnış olduğunu vurğulayaraq, hər dəfə müsahiblərində Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah edir, onlara mənbələrlə işləmək dərsi keçir. Biz bunu bir daha “ARD” televiziyasına müsahibəsində gördük.
Həmçinin T.Cəfərova qeyd edib ki, Cənab Prezident hər dəfə olduğu kimi, bu dəfə də ermənilərin deyil, azərbaycanlıların etnik təmizləməyə məruz qalması, ordumuz işğal olunmuş ərazilərimizi azad etdikdən sonra bir milyon köçkünün öz yurd-yuvasına qayıdacağı ilə bağlı mesajları dünyaya çatdırdı. Ali Baş Komandan İlham Əliyev açıqlamasında bir daha vurğuladı ki, “Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı”.
Eyni zamanda qeyd etməliyik ki, Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalan olmasına baxmayaraq, hər dəfə Qərb jurnalistləri bu məsələni vurğulayırlar. Halbuki, bunu ermənilərin özlərinin etmiş olması heç də istisna deyil. Hər birimizə məlumdur ki, Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə məscidlərimizin vəziyyəti göz qabağındadır. Müsəlmanların ibadət yerləri 27 il ərzində təhqir olunmuşdur. Azərbaycanın Müzəffər Ordusu beynəlxalq hüququ bərpa etməklə yanaşı bu təhqirə də son qoyur.
T.Cəfərova bildirib ki, “ARD” televiziyasının jurnalisti müsahibədə tez-tez feyk xəbərə istinad etmişdir. Belə ki, müxbirin sülh təbliğinə görə Azərbaycanda həbslər haqda qərəzli və məkrli sualı, həmçinin, İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başladıldığı haqda deyilənlər də Prezidentin gətirdiyi iqtisadi statistika ilə qətiyyətlə təkzib olunur. Belə bir iddiaların səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir.
Sonda T.Cəfərova xüsusi vurğuladı ki, Qərb jurnalistləri ilə müsahibələrdə Cənab Prezident İlham Əliyev tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemikaya girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeyi xatırlatmaq lazımdır. Beləliklə, bir daha Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.